Avropa Liqasının qrup mərhələsində "Arsenal"ın ehtiyat qüvvəsi ilə qarşılaşan "Qarabağ"a Bakı Olimpiya Stadionuna toplaşan 68 min azarkeş də kömək edə bilmədi.

Doğrudu, nəticə oyuna görə olmadı. "Arsenal" nə fiziki, nə də texniki baxımdan Azərbaycan çempionundan ciddi fərqlənmirdi. Təkcə ustalıq səviyyəsi fərqi 0:3 hesabına gətirib çıxardı.

Matça rəqibdən qorxaraq başlayan Qurban Qurbanovun yetirmələrinin dərhal cəzalandırılmaları qanunauyğun idi. Ancaq birinci hissənin ortalarından etibarən meydandakı mübarizə bərabərləşdi, hətta "Qarabağ" əksər hallarda topa daha çox nəzarət etdi. Təmsilçimiz, bəlkə də Azərbaycan çempionatı matçında əldə etmədiyi qədər qol şansı yaxaladı. ön xətdəkilərin qol vurmaq, arxadakıların isə müdafiə olunmaq bacarığının aşağı olması böyük hesablı məğlubiyyətə sürüklədi.

Bir sözlə, "Qarabağ" dünən bəzi futbolçuların fərdi bacarıqsızlıqlarının qurbanı oldu.

Vaqner da Silva – Adətən 3 qol buraxan qapıçıda nöqsan kifayət qədər olur. Düzdü, dünən "Arsenal" çərçivəyə 4 zərbə vurdu ki, bunun 3-ü qolla nəticələndi. Ancaq buraxılan toplara görə günahlandırılacaq ən son şəxs məhz Vaqnerdi.

Bədavi Hüseynov – Müdafiənin mərkəzində öz işini görməklə yanaşı, bir qədər sağ cinaha meyllənərək, Maksim Medvedevə də kömək etməyə çalışırdı. Lakin rəqibin heyətində Aleks İvobi hər ikisini aciz vəziyyətdə qoyurdu. Hüseynovu, xüsusən 2-ci qola görə günahlandırmaq lazımdı. Əvvəlcə hava mübarizəsində uduzdu və rəqibin əks-hücumu zamanı vaxtında geri qayıtmağı çatdırmadı.

Yakub Jezniçak – Buraxılan ilk qolda standart vəziyyət zamanı Sokratis Papastatopulosu sona qədər nəzarətdə saxlamadı ki, bu da baha başa gəldi. Təbii ki, 3 qol buraxan komandanın müdafiəçisinin uğurlu çıxışından danışmaq yersiz olar. Amma Jezniçak təcrübəsi sayəsində bir çox epizodda düzgün mövqe seçərək, zamanında müdaxilələrlə rəqibin hücumunu yarımçıq kəsməyi bacardı. 42-ci dəqiqədəki bir epizodda iki dəfə özünü sipər edərək, zərbənin qarşısını kəsməsi alqışlara səbəb oldu.

Ansi Aqolli – İngilislər matçın əvvəllərində ona "dişini" keçirə bilmədiyini görüb, əks cinahdan hücumlar qurmağa başladı. Ciddi təzyiqlər görmədiyindən müdafiə olunmaq baxımından nisbətən rahat idi. Hücumlar zamanı isə Abdullah Zubirə dəstək verərək, onun rahat davranmasına şərait yaradırdı.

Maksim Medvedev – Kapitan matçın ən zəiflərindən idi. Sağ cinahda buraxılan boşluqları qonaqlar yaxşı "oxudular" və həmlələrini oradan etdilər. "Arsenal"ın sürətli hücumları zamanı Mahir Mədətov geri çəkilməkdə gecikirdi ki, bu da Maksimin tək qalması ilə nəticələnirdi. O isə İvobini dayandırmaqda aciz qalırdı. Maksimin müsbət cəhəti hücumlara verdiyi dəstək idi. Bir qədər ustalığı çatsaydı, görüşü qol və məhsuldar ötürmə ilə də tamamlaya bilərdi.

Qara Qarayev – Artıq 3-cü dəqiqədə özünü zərbənin qarşısına ataraq qola mane oldu. Arxa xətt oyunçularının oyun qurmaq bacarığı zəif olduğundan müdafiənin mərkəzinə qədər geriləyib top qəbul edir, oyunu ən geridən qurmağa çalışırdı. Bu da vaxt alırdı. Rəqibin həmlələri zamanı mərkəzdə tək qaldığından, onlara ciddi müqavimət göstərə bilmirdi.

Miçel – Əsasən Simeon Slavçevin yerində, Qaranın yanında oynayırdı. Bir növ dayaq yarımmüdafiəçi funksiyasını yerinə yetirməli idi. Ancaq yad mövqe olduğundan, çətinlik çəkdiyi aşkar görünürdü. Heç cür yaradıcılıq baxımından oyuna qoşula bilmirdi. Bu isə həm müdafiə, həm də hücum xəttinə əlavə zərbə olurdu.

Filip Ozobiç – Pleymeyker funksiyasını yerinə yetirməli idi. Ancaq nə önündəki hücumçunu, nə də cinahları düzgün topla təmin edə bilirdi. Ansambldan sanki geri qalırdı. Yeganə yadda qaldığı epizod 39-cu dəqiqədə yaxın məsafədən zərbəsinin Leno tərəfindən dəf edilməsi oldu. Zəif çıxışını ikinci hissədə də davam etdirincə əvəzləndi.

Abdullah Zubir – Fransalı yarımmüdafiəçi "Qarabağ"ın ən yaxşısı idi. Top hər dəfə onda olanda tribunalarda canlanma müşahidə olunurdu. çünki texnikası və sürətli keçidləri ilə "Arsenal"ın sağ cinahına başağrısı verirdi. Aqollinin də geridən dəstəyi Zubiri daha təhlükəli etmişdi. Texniki bacarıqlarını işə salaraq, adlı-sanlı müdafiəçilərin üzərinə getməkdən çəkinmirdi. Yeganə çatışmazlığı cərimə meydanına qədər problemsiz girməsinə baxmayaraq, həlledici qərarı düzgün verə bilməməyi idi. Əvəzetmələrdən sonra pleymeyker mövqeyinə keçdi və son 20 dəqiqəni burda keçirdi.

Mahir Mədətov – Buraxılan ilk iki qolda Mədətovun "əməyi" az olmadı. İlk topda künc zərbəsi zamanı boyda özündən balaca olan Naço Monreala hava mübarizəsində uduzdu. İkinci qolda isə "Arsenal" "Qarabağ"ı yox, sanki Mədətovu cəzalandırdı. Hər tənqidə sosial şəbəkələrdə sərt şəkildə cavab verməkdənsə, məşqlərdə topu ram etmək üzərində daha çox çalışsaydı, 52-ci dəqiqədə "Arsenal" fərqi artırmaz, "Qarabağ" status-kvonu bərpa edərdi. Mədətovun adi epizodda topu saxlaya bilməməyinin fonunda 18 yaşlı Smit bunu necə etmək lazım olduğunu saniyələr sonra ona göstərdi. Qurban Qurbanova bir saatın tamamında onu əvəzləməkdən başqa çarə qoymadı.

İnnosent Emeqara – Hücumun mərkəzində çox hərəkətli idi. Daim rəqib müdafiəçilərini gərginlikdə saxlamağı bacarırdı. Bu çalışqanlıq ona qol vurmaq imkanı da yaradırdı. Lakin əlinə düşən şansları dəyərləndirə bilmədi.

Dzon Delarj – Son yarım saatda meydanda olan Delarj mübarizəyə sağda qoşulsa da, 6 dəqiqə sonra sola keçdi. Ancaq heç nə ilə yadda qalmadı.

Araz Abdullayev – Yeni transfer 67-ci dəqiqədə Ozobiçi əvəz etdi. Amma son dəqiqələrdə dağınıq oyun göstərən komandaya kömək edə bilmədi.

Simeon Slavçev – Bolqarıstanlı yarımmüdafiəçi əlavə edilmiş vaxtı da nəzərə alsaq, heç 10 dəqiqə meydanda qalmadı. Bu müddətdə isə ondan nəsə gözləmək yersiz olardı.

 

Ruslan SADIQOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest