İspaniya La Liqasının X turundan təxirə salınmış oyunda "Barselona" ilə "Real" qolsuz bərabərə qalıb. Matc.az saytının məlumatına görə, bu nəticədən sonra hər iki komanda liderliyi bölüşməkdə davam edir.

Qarşılaşmadan sonra hər iki klubun nümayəndələri mətbuata fikirlərini bölüşüb. Kataloniya təmsilçisinin üzvləri oyunlarının istədikləri kimi alınmadığını etiraf ediblərsə, madridlilər hakimlikdən şikayətçi olublar.

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Oyun mübahisəli məqamlarla dol idi və matç ərzində hər iki komanda yaxşı dövrlər keçirdi. Gərginlik və vərəqələr çox idi. Ancaq bu, "El Klasiko"da klassik vəziyyətdi. Rəqib bizə təzyiq etdi, problem yaratdı. Belə vəziyyətlərdə fərdi bacarıq və iki oyunçunun qarşıdurması ön plana çıxır. Onların pressinqini dəf edə bildiyimiz anlarda imkanlar yaratdıq. "Real"ın bizim kimi yüz faizlik qol şanslarını xatırlamıram. İlin sonunu "Real"la eyni sayda xalla başa vururuq. Bu, əsəbi haldı. Əlbəttə, qələbə qazanmaq istəyirdik, amma güclü rəqibə qarşı bu, həmişə mümkün deyil və çətindi. "Real" bu gün gözəl oyun keçirdi".

Gilyerme Amor ("Barselona"nın direktoru): "0:0 hesabı məğlub olmaqdan yaxşıdı. çünki hələ də "Real"dan öndəyik. Biz "El Klasiko"larda qalib gəlməyi sevirik. Bu üzdən azarkeşlər nəticədən razı deyillər. Amma çətin oyun idi, qələbə qazanmaq həmişə çətin olur. Nəticə ədalətli sayıla bilər, çünki komandalar bərabər səviyyədə idi. "Real" yüksək yerlər uğrunda mübarizə aparan böyük komandadı. Təhlükəli rəqibdi və biz onlara hörmət etməliyik".

Kleman Lanqle ("Barselona"nın müdafiəçisi): "Siz o epizodun penalti olduğunu düşünə bilərsiniz. Ancaq qərar VAR tərəfindən verildi və bunu nəzərə almalısınız. Mən yalnız topa vurmaq istəyirdim. Bədənimi və ayaqlarımı istifadə etdim. Təəssüf ki, Varanın ayağına toxundum. Rəqib oyunçuları vurmağı sevən futbolçu deyiləm. üstəlik, Varan mənim dostumdu".

İvan Rakitiç ("Barselona"nın yarımmüdafiəçisi): "Bu cür matçlar həmişə çətindi. "Real" ilk hissədə bizə çətin anlar yaşatdı. çətin idi, amma sonradan bizim də bir neçə imkanlarımız oldu. Bir qol görüşün taleyini həll edəcəkdi, ancaq heç kim vura bilmədi. "Real"ın nə qədər güclü olduğunu bilirdik. Bəlkə də, "Barselona"da son ötürmə və ya yekun qoymaq çatmadı. Ancaq komandanın oyunundan məmnunam və fəxr edirəm".

Zinəddin Zidan ("Real"ın baş məşqçisi): "VAR-la bağlı edə biləcəyimiz bir şey yoxdu. Bu matçda daha çoxuna, qələbəyə layiq idik. Lakin oyun başa çatdı və heç nə dəyişmədi. Futbolda hər zaman istədiyin olmur. "Nou Kamp"da oynamaq çətindi. Ancaq oyunçularıma təşəkkür edirəm. Qol vura bilməsək də, kifayət qədər şanslarımız oldu. Hücumda daha güclü olmalıyıq. "Barselona" kimi rəqib önündə səfərdə şans yaxalayırsansa, istifadə etməlisən".

Emilio Butrageno ("Real"ın direktoru): "Biz VAR-ın tərəfdarıyıq. Sistem hakimə kömək etməlidi, çünki referi bütün detalları görə bilmir. Hakimin səhvi zamanı sistem işə düşməlidi. VAR hakimlərinin Varanla bağlı epizoda müdaxilə etməməsi qəribədi. Hakim iki aşkar qayda pozuntusunu görmədi. VAR-ın bu cür epizodlarda niyə istifadə edilmədiyini başa düşmək çətindi. Bu hamını narahat edir. Hətta vurduğumuz qol epizodu da mübahisəlidi. Hakimin Mendinin ofsaydda olduğunu bildirməsi şübhəlli qərar idi".

Serxio Ramos ("Real"ın kapitanı): "İki təmiz penaltimiz verilmədi. Bunu fasilədə gördük. Ancaq bir dəyişiklik edə bilmirik. VAR sistemi var, amma istifadə edilmir. Bəlkə digər matçlarda bir sıra fərqli qərarlar veriləcək. Komandamız sona qədər mübarizə apardı. Bu cür də davam etməyimizi istəyirəm".

Kasemiro ("Real"ın yarımmüdafiəçisi): "Oyun zamanı Varanın epizodu ilə bağlı şübhəm var idi. Ancaq fasilədə Varanın ayağına və videoya baxdıqda şübhə qalmadı, bu, aşkar penalti idi. Ən azı hakimlər qərarı yenidən nəzərdən keçirmədikləri üçün qəzəblənirik. Təyin edər və ya etməz, bu başqa məsələ. Amma epizoda baxılmalı idi. Açığı, mən VAR xoşlamıram. Səhvlər, qalmaqallar və mübahisələrlə futbol daha gözəldi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest