Nikola Yurçeviçi istefaya göndərən AFFA Azərbaycan millisinə baş məşqçi axtarışlarını davam etdirir. Matc.az saytının məlumatına görə, assosiasiya rəhbərliyinin ilk hədəfi sabiq baş məşqçi Robert Prosineçkidi.

Bosniya və Herseqovina yığmasından ayrılan və hazırda işsiz olan xorvatiyalı ilə danışıqlar davam etdirilir. Ancaq AFFA rəhbərliyi yalnız Prosineçki ilə kifayətlənmir. Qurumun alternativ variantı da hazırdı.

Türkiyə mətbuatı Engin Fıratın yığmamızı çalışdırmaq ehtimalının olduğunu israrla vurğulayır. Moldova millisinin çalışdırıcısı ilə tezliklə görüş keçirilməsi də planlaşdırılır. Moldova millisinin onun rəhbərliyi altında keçirdiyi son oyunlar bir çoxlarının diqqətini çəkib. Oktyabrda Moldovanın "sükanı arxası"na müvəqqəti gətirilən 49 yaşlı mütəxəssis Fransa və İslandiya ilə seçmə mərhələ matçlarında komandaya rəhbərlik edib. Moldovalılar indi onunla yeni müqavilə imzalamaq niyyətindədi. Hətta tərəflər arasında şifahi razılıq da əldə olunub. Lakin rəsmi müqavilə imzalanmadığından, Fıratın fikrini dəyişib Azərbaycan millisinə keçməsi istisna edilmir.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə yığmamıza rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest