Azərbaycan kubokunda 1/4 final mərhələsinin ən diqqətçəkən cütlüyü, şübhəsiz ki, "Qarabağ"la "Keşlə"di. Matc.az saytının məlumatına görə, 10 gün əvvəl Premyer Liqanın XIV turu çərçivəsində üz-üzə gələn komandalar bu dəfə eyni məkanda kubok oyunu üçün qarşılaşırdılar.

2:2 hesablı bərabərliklə nəticələnən qarşılaşma ilə müqayisədə Ağdam klubunun heyətində köklü dəyişikliyə əl atmışdı. Qurban Qurbanov həmin matçdakı "11-lik"dən cəmi 3 oyunçunu - Maksim Medvedev, Bədavi Hüseynov və Riçard Almeydanı dünən ilk dəqiqələrdən meydana buraxmışdı.

Onun həmkarı Tərlan Əhmədovun isə rotasiya üçün heç bir şansı yox idi. Əhmədov 2 əvəzləməyə əl atmışdı ki, onlar da məcburi idi. Franko Flores zədəli olduğundan, İlkin Qırtımovun isə ailəsində faciə baş verdiyindən, Rəşad Sadiqovla Sezar Meza Kolli start heyətində yer almışdılar. Belədə Cabir Əmirli müdafiənin cinahına çəkilmiş, Sezar də pleymeyker mövqeyinə dönmüşdü.

 

Cəsarətli 45 dəqiqə

İki aparıcı mərkəz müdafiəçisi və qolçusundan məhrum vəziyyətdə meydana çıxan "Keşlə"nin bunun fonunda güclü rəqibə müqavimət göstərməsi çətin görünürdü. Ancaq əksinə, bakılılar birinci hissədə cəsarətli oyunla "Qarabağ"dan çəkinmədi. Hər iki komanda ön xətdə pressinq tətbiq edərək, rəqibin topla rahat oynamasına, hücuma çıxmasına mane olmağa çalışırdı. Doğrudu, bu, ev sahiblərində daha yaxşı alınırdı. Bu təzyiq "Keşlə" oyunçularında müəyyən dərəcədə həyəcana səbəb olsa da, arxa xətt oyunçuları vəziyyətdən çıxa bilirdilər. Bu mənada yalnız Tərlan Quliyev uzun ötürmələrlə hücumu hərəkətləndirməyə çalışırdı. Ancaq onun bu cəhdləri bir qayda olaraq uğursuz nəticələnir, topun "Qarabağ"a keçməsi ilə nəticələnirdi. Müyyən müddət sonra Quliyev də digərləri kimi qısa ötürmələrlə müdafiədən çıxmaq barədə düşünməyə başladı.

 

Günündə olmayan hücumçular

Diqqət çəkən məqamlardan biri "Qarabağ"ın hücumçusu Maqaye Qeyenin daim nəzarətdə olması idi. Top rəqibdə olarkən mərkəz müdafiəçilərindən Ya Sadiqov, ya da Quliyev ona "yapışaraq", hərəkət imkanını məhdudlaşdırırdı. Qonaqlar irəli atıldığı zaman isə Meza Kolli hücumçu Xəzər Mahmudova yaxınlaşaraq, bir növ ikinci hücumçu kimi çıxış edirdi. Əvvəlki matçlarda dayaq yarımmüdafiəçilərindən Tural Bayramlı bir qayda olaraq hücumlar zamanı irəli atılırdısa, bu dəfə bəzi anlarda həmin funksiyanı Con Kamara yerinə yetirərək, xüsusən də, "ikinci mərtəbə"də komandasına fayda verməyə çalışırdı. Frutosun yoxluğunda "Keşlə" irəlidə "dişsiz" görünürdü. Meza Kolli həm öz işini görürdü, həm də meydanda olan gənc Xəzər Mahmudovun hücumdakı boşluqlarını doldurmağa çalışırdı.

 

"Qarabağ"ın zəif "trio"su

Fasilə ərəfəsində qonaqlar rəqibə müəyyən boş zonalar verməyə başladı. Bu, "Qarabağ"ın iki qol vəziyyəti yaxalamasına səbəb oldu. Hər iki epizodda Stanislav Namaşkonun sayıqlığı tablodakı sıfırların dəyişməsinə mane oldu. "Qarabağ"da hücum "trio"sunun aşağı səviyyədə oyun nümayiş etdirməsi də rəqibin işini asanlaşdırırdı. Xayme Romero zədədən döndükdən sonra hələ də özünü toparlaya bilməyib, Araz Abdullayev mövsümün əvvəlindən meydanda vaxt keçirməklə məşğul olur, Maqaye Qeye isə ağır hərəkətlərlə diqqət çəkir. Bu azmış kimi, mövsümün əvvəlində fəal oyunu ilə diqqət çəkən İsmayıl İbrahimli də birinci hissəni aşağı səviyyədə keçirdi. "Keşlə"dəki heyətlə bağlı ciddi problemlərə baxmayaraq, "Qarabağ"ın ön xətt oyunçularının zəif çıxışını nəzərə alsaq, birinci hissədəki 0:0-ı ədalətli nəticə salmaq olar.

 

"Keşlə" rəqibi üstünə çəkdi...

"Keşlə" fasilədən sonra oyun modelini dəyişdi. İlk yarıda rəqibi meydanın ona aid hissəsində qarşılayan bakılılar ikinci hissədə müdafiəyə çəkildi. Görünür, komanda sona qədər eyni tempdə oynamağa hazır deyil. Bu amil "Qarabağ"ın qapıya daha yaxın ərazidə topla oynamasına və həlledici həmlələr axtarışında olmasına yol açdı. Tərlan Əhmədovun yetirmələri artıq konkret olaraq sürətli əks-hücum taktikasına keçmişdi. Ancaq Xəzərin bu tempdə oynamağa hazır olmaması, Ruslan Qurbanovun isə performansındakı enişi bu dəfə də davam etdirməsi səbəbindən Meza Kolli ilə Vüsal İsgəndərli irəlidə tək qalırdı. Təbii ki, "Qarabağ" kimi rəqibə bu cür oyunla qol vurmaq müşkül məsələdi.

 

Gözlənilən qol, Namaşkonun seyvləri

Ağdamlıların hücumda basqılı oyunu və topla daha çox rəftarı 53-cü dəqiqədə öz bəhrəsini verdi. Tural Bayramlının gözündən qaçırdığı İsmayıl İbrahimli önündə boş zona tapdı, cərimə meydanında Tərlan Quliyevi uşaq kimi aldadaraq, baxımlı qola imza atdı. Qoldan sonra da ssenari dəyişmədi. Az sonra Qurban Qurbanov topla oynamağı sevən Abdullah Zubiri, ardından isə sürətli əks-hücumlar üçün Mahir Emrelini meydana buraxdı. Qonaqlarda Əfran İsmayılovun oyuna qoşulmasından sonra "Keşlə"nin hücumunda bir qədər canlanma yarandı. Ancaq Tərlan Əhmədovun kollektivi yenə də ehtiyatlı oyunundan vaz keçmirdi. Meydandakı "11-lik" və rəqibin kimliyi də onları buna vadar edirdi. Hər iki çalışdırıcının əvəzləmələri ön xətti gücləndirmək planı üzərində edilmişdi. Yalnız sona yaxın meydanda açıq futbol getdi. Bu da "Qarabağ"a sürətli əks-hücumlar imkanı verirdi. Ancaq bəzən Namaşkonun seyvi, bəzən isə irəlidə yanlış qərarların verilməsi hesab arasındakı fərqin artmasına imkan vermədi. Son dəqiqələrdə paytaxt təmsilçisi ikinci qolu buraxmaq riskini göz önünə alaraq, bərabərlik topunu vurmağa çalışdı. Lakin nə qorxduğu başına gəldi, nə də fərqlənmək istəyini reallaşdıra bildi. Nəticədə cavab matçı öncəsi ağdamlılar minimalhesablı qələbəyə sevindilər.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest