Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"a 0:1 hesabı ilə məğlub olan "Keşlə"nin futbolçusu Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb.

Matc.az xəbər verir ki, təcrübəli oyunçu öncə görüşü şərh edib: "Oyun ağır keçdi. "Qarabağ" neçə illərdi ölkə çempionu olur. Şablon səslənməsin, amma, həqiqətən də, heyəti oturmuş komandadı. Süni otdan təbiiyə keçəndə bizə həddindən artıq ağır olur və bunu hiss edirik. İkinci dəfədi burda oynayırıq. Məşqlərin hamısını süni meydanda edirik, tam fərqlidi. Bir ara Bakı Olimpiya Stadionunda, "Dalğa Arena"da məşq edirdik, rahat idi. üç həftədi süni örtüklü meydana keçmişik, həddindən artıq ağır gəlir. Buna məcburuq, çünki meydanımız belədi. 0:1 hesabı ilə uduzduq və çalışacağıq ki, evdə yaxşı oynayaq. çətin olsa da, mərhələni keçmək istəyirik".

- Qalib gəlmək üçün nə etməyi düşünürsünüz?

- Bunun üçün qol vurmaq lazımdı. Heç-heçə bizə sərf etmir, qollu və qolsuz olmasının da önəmi yoxdu. Rəqibi məğlub etməliyik və bunu hamımız dərk edirik. Başa düşürük ki, "Qarabağ" da yorğundu, psixoloji cəhətdən pisdilər. çalışacağıq ki, öhdəsindən gələk.

- "Keşlə"də futbolçu qıtlığı var. Cavab matçında necə edəcəksiniz?

- Ehtiyat oyunçular skamyamız kasaddı. Bunu rəhbərlik də bilir. Yəqin ki, heyət güclənər. Bura qədər gücümüz çatıb.

- "Qarabağ"la çempionatdakı son matçınızda heç-heçə etmişdiniz. Bu amil sizi cavab oyununa motivasiya edə bilər?

- Azərbaycan çempionatında hər rəqibə qarşı oynamaq olar. Açıq danışaq, "Qarabağ" bütün rəqibləri üstələyir. Motivasiya yaxşı olandan sonra mübarizə aparmaq olur.

- Potensial rəqiblərinizin matçında "Sumqayıt" "Neftçi"ni məğlub etdi...

- Hazırda formada olan ən yaxşı dörd komanda bu səbətdə yer alıb. Bu necə püşkdü, anlamıram. Həqiqətən də, baş açmaq olmur. Məsələn, çempionatında 1-2-ci yerlərdə gedən "Real" və "Barselona" kimi komandalar püşk zamanı ayrı-ayrı səbətlərdə yer alırlar. Yəqin ki, bizdə 8 komandanın hamısını bir yerdə qarışdırıblar və 4-ü bir yerə düşüb. Azarkeşlər kubokda "Fənərbaxça" və "Qalatasaray"ı, daha sonra "Real"la "Barselona"nı finalda görməyi arzulayır. Yəqin bizdə də "Neftçi" və "Qarabağ"ı arzulayırlar. Onlar bu mərhələni keçsə belə, finalda deyil, yarımfinalda qarşılaşacaqlar. Məncə, reytinqə görə atmaq lazım idi.

- çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?

- Bu barədə danışırıq və şablon fikirlər olur. 8 komanda var və futbolçulara da çətinlik yaradır. Bir komanda ilə 4 dəfə qarşılaşırsan və kubokda üz-üzə gəlsən, 6 olur. Bir yeməyi adam evdə ardıcıl 2 gün yeyəndə iyrənir. Adama bezdirici gəlir. 1999/2000 mövsümündən Premyer Liqada oynayıram. 16 və 18 komandalı yarışlar olub. İndi 8 komandadı və 28 tura yarış bitir. Heç yerdə belə hal yoxdu. Ən azından turlar 30-u keçməlidi. çempionatın səviyyəsi milliyə və klubların Avropadakı yarışlarına da təsir edir.

- Hakimlə nə üçün mübahisə edirdiniz?

- Rəqibi vurmuşdum və hakimə dedim ki, mənə sarı vərəqə verə bilərsiniz. Adi epizod idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest