"Keşlə"nin futbolçusu Stanislav Namaşko Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Biz oyundan əvvəl bilirdik ki, hansı komanda ilə oynayacağıq və çətin olacaq. 1 xal qazandığımız üçün təbii ki, sevinirik. Oyuna 3 xal üçün kökləndiyimizi gizlətmirəm. Amma 1 xal da yaxşı nəticədi. Həm qalib gələ, həm də uduza bilərdik.

- Bəzi aparıcı oyunçularınız matçda yox idi. Necə düşünürsünüz, onlar meydanda olsaydı, "Keşlə"  qələbə ilə ayrıla bilərdi?

- Nəsə demək çətindi. Bu gün onların əvəzinə meydana çıxan oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. 1 xal qazandığımıza görə şadıq. "Qarabağ"la qarşılaşdığımızı yaxşı başa düşürdük.

- İkinci qolu buraxanda  etiraz edirdiniz. Hətta, hakimin yanına da getdiniz. Topun qapı xəttini keçmədiyini düşünürdünüz?

- Mən hakimə etiraz etmədim. Sadəcə, həmin an əmin idim ki, top qapı xəttini keçməmişdi. Bunu hakimə bildirdim. Sonra mənə dedilər ki, top xəttini keçmişdi. Buna görə də ikinci hissə başlayanda hakimdən üzr istədim. Adətən, belə şeyləri özümə sığışdırmıram. Hakimlərə heç vaxt yaxınlaşıb,  etirazımı bildirmirəm. Amma həmin vaxt emosiyalara qapılmışdım.

- Qarşıda "Qarabağ"la kubok oyunlarında 2 dəfə qarşılaşacaqsınız. ümumiyyətlə, eyni rəqiblə qısa vaxt ərzində bu qədər oynamaq darıxdırıcı olmur?

- Əlbəttə, olur. Daha fərqli komandalarla qarşılaşmaq istəyərdik. çempionat belədi ki, əlimizdə olanla kifayətlənməliyik. "Qarabağ", "Neftçi" kimi komandalarla oynamaq həm bizim, həm də gənc futbolçular üçün  motivasiyadı.

- "Keşlə" mövsümün ilk hissəsini 2 və ya 3-cü pillədə başa vuracaq. Bu nəticə komandanı qane edirmi?

- çempionat bizim üçün çətindi. çünki hələ mayın sonuna qədər çox vaxt var. Amma bizim mövsüm başlamamışdan əvvəl qarşımıza qoyulan məqsəd ilk 3-lüyə düşməkdi. Hər bir matça xal toplamaq üçün çıxırıq. Nə qədər alınacaq, bunu ancaq may ayında deyə bilərik. İndidən nə isə demək bir az çətindi. Bəlkə də yığdığımız xal bizi qane edir. Bir az çox da ola bilərdi, az da. Amma hal-hazırkı mövqeyimiz bizi tamamilə qane edir. Bu gün avrokuboklara vəsiqə vermirlər. Bizə lazım olan may ayına qədər nə qədər xal toplayacağımız, çempionatı neçənci yerdə  başa vuracağımızdı.

- Moldova yığmasında baş məşqçi dəyişikliyi olub, bu vəzifəyə türkiyəli mütəxəssis gətirilib.  Yenidən milliyə qayıdışın baş tuta bilər?

- Məndə olan məlumata görə, bu gün mənim namizədliyim yoxdu. Hazırkı millidə məni nəzərə almırlar. Niyə? Bunu onlara sual versəniz daha yaxşı olar. Hər halda, yeni baş məşqçi var,  qərarları da o verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest