Bu gün Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində yeni cüdo zalının açılışı olub. Matc.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov dövlətimizin idmana göstərdiyi diqqət və qayğıdan danışıb. 
 
O, bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan idmanındakı ümumi inkişafdan,  ölkəmizin Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilməsindən, eləcə də respublikamızın son dövrlər beynəlxalq aləmdə qazandığı etimad sayəsində tez-tez mötəbər idman tədbirlərinə ev sahibliyi etməsindən geniş söhbət açıb. Federasiya rəsmisi çıxışının sonunda ölkə idmanının qazandığı uğurlarda cüdoçularımızın böyük rol oynadığını xüsusi vurğulayıb və yeni zalın açılışı münasibətilə yeniyetmə cüdoçuları təbrik edərək onlara uğurlar diləyib.
 
Sonra əməkdar məşqçilər Ağayar Axundzadə və Validə Nuriyeva ürək sözlərini bildiriblər. Suraxanıda daim yaxşı, adlı-sanlı idmançıların yetişdiyini diqqətə çatdıran çıxışçılar bu ənənənin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə inandıqlarını söyləyiblər və yeni zalın açılışına, eləcə də yaradılan yüksək şəraitə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
Sonda yeniyetmə cüdoçulara federasiya tərəfindən cüdoqilər təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest