Almaniyanın "Sankt Pauli" klubu türkiyəli futbolçusu Enver Cenk Şahinlə müqaviləni ləğv edib. Matc.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Amma detallar barədə ətraflı məlumat verilməməsi qərara alınıb.
 
Xatırladaq ki, Enver Cenk Şahin Türkiyə ordusunun Suriya ilə sərhəddə apardığı hərbi əməliyyatlara dəstək göstərdiyi üçün Almaniyada böyük təzyiqlərlə üzləşmişdi. 25 yaşlı türkiyəli yarımmüdafiəçi "İnstaqram" hesabında "Barış pınarı" hərəkatına dəstək mesajı paylaşmış, bu isə klub rəhbərliyi, xüsusilə də komandanın azarkeşləri tərəfindən sərt qarşılanmışdı. Bir neçə günlük müzakirələrdən sonra onun komandadan uzaqlaşdırılmasına qərar verilmişdi. Oyunlarda və məşqlərdə iştirak etmək hüququndan məhrum edilən 25 yaşlı yarımmüdafiəçi isə Türkiyəyə qayıtmaq məcburiyyətində qalmışdı. Enver Cenk Şahin də formada qalmaq üçün yetirməsi olduğu "Başakşəhər" klubunun düşərgəsində məşqlər edirdi.
 
Qeyd edək ki, türkiyəli futbolçunun "Sankt Pauli" klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında bitməli idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest