"Rəqibimiz bizdən çox istirahət etmişdi. Yüksək sürətlə işləyən mobil komandaya qarşı ağır oyun keçirdik". Matç.az saytının məlumatına görə, bu sözləri "Vorskla"nın baş məşqçisi Vasili Saçko deyib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vorskla" Azərbaycan çempionu ilə qarşılaşmadan 3 gün sonra Donetsk "Şaxtyor"unu qəbul edib və yenə meydanı məğlub tərk edib (0:2). Oyunsonrası mətbuat konfransında yerli mətbuata danışan Saçko çatışmazlıqlardan bəhs edib: "Həm "Şaxtyor", həm də "Qarabağ"la oyun nəyin üzərində daha çox çalışmalı olduğumuzu bizə göstərdi. Bəzi məqamlarda  istəyimizi həyata keçirə bilmirik. Qarşımıza ciddi hədəflər qoymuşuqsa, 2-3 mövqeni gücləndirməyimiz vacibdi. İndi yığmaların oyunları ilə əlaqədar fasilə yarandı. Bu, nəfəs dərməyimiz baxımından çox önəmlidi. Qarşıda çox vacib oyunlarımız olacaq".

Qeyd edək ki, "Vorskla" noyabrın 8-də Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest