"İlk dəfə çağırıldığım üçün bu dəvət mənim üçün əlamətdardı". Bu sözləri matç.az saytına açıqlamasında "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov deyib.

Paytaxt klubunun heyətində uğurlu mövsüm keçirən Abbasov yığma komandanın UEFA Millətlər Liqasında Farer adaları və Kosovo ilə oyunlarına çağırılıb.

İlk dəfə milliyə dəvət alan 23 yaşlı forvard komandaya kömək etməyə hazır olduğunu söyləyib: "Son vaxtlar mətbuatda bu barədə çox yazılırdı. Düzü, çağırılacağım gözlənilən idi. Hər bir futbolçu kimi, mənim də arzum yığmanın formasını geyinmək, orda möhkəmlənməkdi. Yığmanın daimi üzvü olmaq önəmlidi. Qarşıda iki vacib oyunumuz olacaq. Komandamız həm Farer adaları, həm də Kosovonu məğlub edəcək gücdədi. Şans veriləcəyi təqdirdə, yığmanın uğuru üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, millimiz noyabrın 17-də Farer adaları, 20-də isə Kosovo ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest