"Bakıda olmaqdan məmnunluq hissi duyuram. Az müddət olsa da, burda xoş vaxt keçirəcəyimi düşünürəm". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.
 
Britaniya təmsilçisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq.
 
Qarşılaşma öncəsi "Bakcell Arena"nın konfrans zalında keçirilən mətbuat konfransında 46 yaşlı mütəxəssis zədəsini yenicə sağaldan Qaret Beylin sabah meydana çıxa biləcəyini söyləyib: "Beyl bu yaxınlarda zədələnmişdi. Amma onun vəziyyəti hazırda yaxşıdı".
 
Giqqz final mərhələsi şansını davam etdirmək üçün mütləq şəkildə 3 xala ehtiyac duyduqlarını vurğulayıb: "Düzdü, sabah bizi çətin oyun gözləyir. Bizim kimi, meydan sahibləri də qalib gəlməyə çalışacaq. Biz də burdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Sabah intizamlı futbol oynamaq bizim üçün çox vacibdi".
 
çalışdırıcı millimizlə oyunöncəsi məşq etmək üçün çox vaxtlarının olmadığını əlavə edib: "Klubdan gəldikdən sonra futbolçuların məşq etməyə çox vaxtları olmadı. Bu səbəbdən ilk günlərdə bir qədər çətinlik oldu. Ancaq düşünürəm ki, onlar peşəkardılar və sabah meydanda verilən tapşırıqları yerinə yetirə biləcəklər".
 
Vaxtilə millimizə qarşı futbolçu kimi çıxış etmiş Rayan Giqqz yenə eyni həyəcanı keçirəcəyini söyləyib: "Bəli, Azərbaycana qarşı futbolçu kimi çıxış etmişəm. Sabah isə məşqçi kimi texniki zonada yer alacam. Yenə həyəcanla matçı gözləyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest