Topaz Premyer Liqasında XI turun ikinci matçında turnir cədvəlinin birincisi ilə sonuncusu üz-üzə gəlirdi. Buna baxmayaraq, hər iki komandanın son vaxtlardakı çıxışı maraqlı görüş vəd edirdi. Həm "Neftçi", həm də "Zirə" oyun planında xeyli yüksəlişdə olmaqla yanaşı, həm də hücum futbolu ilə seçilir.

Bənzər düzülüş, məcburi əvəzləmə

Rəqibə görə heyət qurması ilə tanınan Roberto Bordin "Keşlə" ilə görüşdə olduğu kimi, yenə 4-3-3 taktiki düzülüşünə üstünlük vermişdi. Müdafiə xəttindəki yeganə fərq Anton Krivotsyukla Kiril Petrovun yerlərini dəyişməsi idi. Zədədən qayıdan Petrovla yanaşı, tam sağalan Qoran Paratski də start heyətindəki yerini tutmuşdu. Xorvatiyalı Soni Mustivarla Emin Mahmudov arasında körpü rolunu oynamalı idi. Hücum "trio"su da dəyişilməz olaraq qalmışdı.
Komandasına baxımlı oyun aşılayan Samir Abasov isə son anda dəyişiklik etmək məcburiyyətində qaldı. Dilan Duventrunun oyunöncəsi məşqdə əzələsi dartıldığından, orta sahədə Kamal Mirzəyev meydana çıxmalı oldu. Digər 10 futbolçu isə bir həftə əvvəl "Səbail"lə matçda da ilk dəqiqələrdən meydanda idi. Hər iki komanda 4-3-3 kimi görünürdü və müdafiə olunarkən bu, 4-5-1-ə çevrilməli idi.

İlk dəqiqələrdəki axsaqlıqlar
Start fitindən dərhal sonrakı mübarizə maraqlı futbol olacağından xəbər verirdi. Hər iki komanda sürətli hücum və uzun ötürmələrlə qısa müddətdə rəqib qapısına yaxınlaşmağa çalışırdı. İlk 10 dəqiqədə də hərəyə bir dəfə zərbə vurmaq imkanı qazandılar. Qonaqların heyətində pleymeyker mövqeyində yer alan Aleksandr Dedovun önündəki "üçlüy"ü topla lazımınca təmin edə bilməməsi komandanın kəsərli hücumlar qurmasına mane olurdu. Ev sahibləri isə Dario Frederikonu daha çox işlədirdi. Komanda yoldaşları onun texnikasına və sürətinə güvənsələr də, Tellur Mütəllimov braziliyalını zərərsizləşdirə bilmişdi. Müdafiə olunmaq mənasında İlkin Muradovun zəhmətini də xüsusi vurğulamaq lazımdı. Rəqibin həm mərkəz, həm də cinahlardan hücumu zamanı bəstəboy oyunçu ilk maneə kimi onların önünə çıxırdı. Hadisələri qabaqlayaraq deyək ki, əksər hallarda topu "oğurlamağı" da bacarırdı.

Cinahlardakı fərqlilik
Bordinin yetirmələri topa sahib olduğu anlarda geridə 2 mərkəz müdafiəçisini saxlayırdı və yalnız Mustivar onlara yaxın olurdu. Cinahların irəli getməsi isə Dario ilə Dabonun mərkəzə meyllənərək cərimə meydanına girməsinə şərait yaradırdı. Belə olan halda, qonaqlarda Kamal ikinci dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirməli olurdu. Qonaqlar topla oynadıqları dəqiqələrdə isə komanda üçlü müdafiə taktikasına keçirdi və Muradov da onların önündə qalırdı. "Zirə"nin əsas problemlərindən biri irəlidə çoxala bilməməsi idi. Sadio Tounkara və Bilal Həmdi geridən dəstək aldıqları zaman da mərkəzə doğru hərəkət etmirdi ki, belədə Pərdis yenə tək qalırdı.

Mirabdullanın passiv 45 dəqiqəsi və Dabo fərqi
"Neftçi"nin orta sahəsi ilk hissədə o qədər də etibarlı görünmürdü. Məhz bu səbəbdən komanda heç cür oyuna nəzarəti ələ keçirə bilmirdi. Dabo oyuna Dariodan az qoşulsa da, ondan daha faydalı iş görürdü. 21-ci dəqiqədə qonaqlar müdafiədə ilk boşluğu buraxsalar da, fransalı forvard bundan yararlana bilmədi. "Zirə" gözəl kombinasiya və Kamalın qeyri-dəqiq zərbəsi ilə buna cavab verdi. 36-cı dəqiqədə Dabo başlatdığı hücumu özü də məntiqi sonluğa çatdırdı. Tural Axundovun sol cinahdan iti ötürməsi zamanı 100-cü oyununu keçirən Adil Nağıyev "yuxuladı" ki, fransalı forvard da bunu bağışlaya bilməzdi. Qolun ardından Füzuli Məmmədovun huşunu itirməsi, bir müddət sonra Petrovun zədələnərək həkim köməkliyi ilə meydandan çıxarılması tempin aşağı düşməsinə səbəb oldu.

İlk yarıda Mirabdulla Abbasov passiv görünürdü. Əksər hallarda driblinqləri uğursuz alınır, topu itirirdi. Onun əks düşərgədəki həmkarı Pərdis Fərcad-Azad isə kifayət qədər hərəkətli idi. Milliləşdirilmiş forvard hətta rəqibin 2-3 oyunçusu ilə mübarizəyə girməkdən də çəkinmirdi. Bu fəallığı ilə "Neftçi"nin geridən oyun qurmasına, topa rahat sahib olmasına mane olurdu.

Samir Abasovun həlledici əvəzləmələri
"Neftçi" ikinci hissəyə Dario-Dabo yerdəyişməsilə başladı. Qonaqlarda isə Tounkara və Həmdi tez-tez bunu edirdilər. Ancaq onların "dişsiz" olduğunu görən Samir Abasov 60-cı dəqiqədə hər ikisini əvəzlədi. Buna qədər "Neftçi" oyuna tam nəzarət edirdi. Orta sahədəki boşluğu qapadan meydan sahibləri artıq matça diktə edirdi. Futbolçuların fərdi ustalığının da bunda rolu az deyildi. Mirsahib Abbasov və Vüsal İsgəndərlini oyuna qoşan baş məşqçinin ən önəmli addımı Dedovu bir qədər geri çəkməsi oldu. Moldova millisinin üzvü liderliyi üzərinə götürməli, geridən oyun qurmalı və hücumları başlatmalı idi. çalışdırıcının məhz bu qərarı həlledici oldu. 76-cı dəqiqədə məhz Dedov-Mirsahib-Tellur paslaşmasını sonuncu cərimə meydanı həndəvərindən qarşısıalınmaz zərbə ilə tamamladı. Ancaq "Zirə"nin müdafiəyə çəkilib əks-hücumu düşünmək imkanı olmadı. çünki cəmi 4 dəqiqə sonra Emin Mahmudovun sağ cinahdan asmasını Mirabdulla başla qapıdan keçirdi. Maraqlıdı ki, bu, Abbasovun matç ərzində ilk zərbəsi idi. İlk qolda olduğu kimi, bu dəfə də Adil Nağıyevin yanlış mövqedə dayanması və İlkin Qırtımovun gecikməsi böyük rol oynadı. Ancaq qonaqlar yenə qısa müddətdə toparlana bildi və çox keçmədən yenidən status-kvo bərpa olundu. Görüşün gizli qəhrəmanı Dedovun sol cinahdan ideal ötürməsini sonradan oyuna qoşulan Vüsal İsgəndərli başla qapıdan keçirdi – 2:2.

4-cü hücumçu da yetmədi
Sonrakı dəqiqələr qarşılıqlı kobudluqlarla yadda qaldı. Hər iki komanda 1 xalla kifayətlənmək istəmirdi və axıra qədər "döyüşürdü". "Neftçi" Namiq Ələsgərovun da meydana girməsilə əlavə edilmiş son 6 dəqiqəni 4 hücumçu ilə keçirdi. Ancaq nə Kamal Bayramovu, nə də Səlahət Ağayevi sona qədər ciddi narahat etmək mümkün oldu. Nəticədə mövsümün ən baxımlı oyunlarından birində qarşılıqlı bol qol izlədik. "Neftçi"nin futbolçularının fərdi ustalığına "Zirə" Samir Abasovun ağıllı gedişləri ilə cavab verincə, azarkeşləri məmnun salan mənzərə ortaya çıxardı.

Diqqətçəkən məqamlar
* "Neftçi"də baş məşqçi Roberto Bordinlə köməkçisi Füzuli Məmmədov birinci hissədə əksər vaxtlarda eyni anda göstəriş verirdilər. Hər iki mütəxəssis başqa-başqa oyunçuları səsləyərək, onlara nəsə izah edirdi. Belədə isə səs-səsə qarışır, kimin nə dediyini başa düşmək olmurdu. Məmmədovun başına gələn xoşagəlməz hadisədən sonra isə o, ikinci hissəni təbii olaraq sakit keçirdi.

* Kiril Petrov ilk hissədə bir epizodda zədələndiyindən kənarda həkim köməyinə ehtiyac duydu. Həmin anda Samir Abasov ona yaxınlaşaraq iradını bildirdi. Hətta ikili arasında kiçik "söz davası" da yaşandı. Yalnız "Neftçi"nin həkiminin müdaxiləsindən sonra ara sakitləşdi.

Hakimlik
Matçda 9 sarı vərəqəyə əl atan İnqilab Məmmədovun nəticəyə təsir edən hər hansı bir səhvi olmadı. Ancaq referinin bəzi məqamlardakı qərarı müzakirəyə açıqdı. 27-ci dəqiqədə komanda yoldaşından ötürmə alan İlkin Qırtımov sağ cinahla sürətlə irəliləsə də, rəqib müdafiəçinin yanından keçərkən özünü yerə atdı. İnqilab Məmmədovun "davam" qərarını birmənalı qarşılaşmamaq olar. çünki kifayət qədər təhlükəli yer idi və əgər referi Qırtımovun simulyasiya etdiyini düşündüsə, niyə sarı vərəqə göstərmədi?

Bundan 7 dəqiqə sonrakı epizodu da baş hakimin passivinə yazmaq olar. Dabonun başla zərbəsindən sonra hər kəs meydanın mərkəzinə doğru qaçaraq öz yerini tutmağa çalışırdı ki, gözlənilmədən korner qərarı verildi. Yalnız fransalının hakimə yaxınlaşaraq topu ondan çıxdığını bildirməsindən sonra Məmmədov qərarını dəyişdi.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest