Avropa Liqasının qrup mərhələsində APOEL-ə kritik matçdakı məğlubiyyətdən sonra "Qarabağ"da ruh düşkünlüyünün olması normal idi. Üstəlik, çempionatda əsas rəqibi "Neftçi" də büdrəmişdi. Bütün bunların qarşılığında XI turun "Zirə" ilə bağlanış matçına komandanın motivasiyasız çıxması gözlənilən idi.

Bunu nəzərə alan baş məşqçi Qurban Qurbanov əsas heyətin əksər üzvlərinə istirahət vermiş, rotasiyaya əl atmışdı. "Zirə"də isə heyətlə bağlı problemlər davam edirdi. Cəzalı və zədəli oyunçuların olması baş məşqçi Zaur Həşimovun seçim imkanını məhdudlaşdırmışdı. Xüsusən, orta sahənin ən dinamik oyunçusu olan və hücumların qurulmasında böyük rol oynayan Şafik Tiqrudjanın yoxluğunu vurğulamaq lazımdı.

"Qarabağ" futbolçularındakı psixoloji gərginlik, motivasiyasızlıq ilk dəqiqələrdən özünü büruzə verdi. Komanda əvvəlki oyunlardan fərqli, o qədər də sürətli tempdə başlamadı. Düzdü, komanda Maqaye Qeyenin cərimə meydanı kənarından vurduğu baxımlı zərbə ilə erkən qola imza atdı. Ancaq ağdamlılar heç də özlərinə bənzəmirdilər. Komanda ön xətdə istənilən səviyyədə pressinq etmir, tempi artırmağa cəhd göstərmirdi. Qara Qarayev və Hacıağa Hacılının eyni anda meydanda olması meydan sahiblərinin orta sahədən təhlükəli hücumlar qurmasına mane olurdu. Halbuki, ötən turda "Sumqayıt"la görüşdə "Zirə"nin ən zəif nöqtəsi məhz yarımmüdafiənin mərkəzi idi. Bu matçda Qurbanovun yetirmələri əsasən cinahlara "ağırlıq" vermişdi. Maksim Medvedev-Rahil Məmmədov cütlüyünün önündə olan Qara-Hacıağa tandemi irəli çıxmadığından, cinah müdafiəçiləri qarşılaşmanın böyük hissəsini hücumda keçirdilər. Bu da Araz Abdullayevlə Xayme Romeronun mərkəzə meyllənməsinə şərait yaradırdı. Xüsusən də, İsmayıl İbrahimli hücumların qurulmasının öhdəsindən təkbaşına gələ bilmədiyindən, Romero ona daha çox kömək etməyə çalışırdı. Lakin zədədən sonra formadan uzaq olması ispaniyalının istənilən performansı ortaya qoymasına imkan vermirdi.

"Qarabağ"ın hücumda kəsərsiz olması "Zirə" futbolçularını da rahatlaşdırırdı. Qonaqlar qapalı futbolla işini bir qədər də qarantiyə alırdı. Təsadüfi deyil ki, 5-li müdafiənin önündəki 3 yarımmüdafiəçi də qarşılaşmanın böyük hissəsini geridə keçirdi. Ön xətdə istəksiz görünən "Qarabağ" oyunçularının 8 nəfərlə müdafiə olunan "Zirə"yə problem yaşatması çətin görünürdü. Təsadüfi deyil ki, Qeyenin qolunu nəzərə almasaq, ilk hissə ərzində çempionun bir dəfə də olsun real qol şansı yaranmadı. Səbrlə müdafiə olunan "Zirə" isə Riçard Qadze-Mfo Kqasvane tandeminin sürətinə arxalanaraq, öz zamanını gözləyirdi. Belə bir imkan fasilə ərəfəsində ələ düşdü. Məhz bu cütlüyün paslaşması birincini zərbə mövqeyinə çıxardı. Lakin qanalı forvardın zərbəsi "çərçivə"yə düşmədi.

"Qarabağ" ikinci hissədə də eyni tərzdə çıxış edirdi. Qonaqlar artıq əks-hücumlar zamanı daha təhlükəli olurdu. Qurban Qurbanov bunun qarşısını almaq və orta sahəni yenidən ələ keçirmək üçün Miçellə Riçard Almeydanı meydana buraxdı. Lakin onlar oyuna istədikləri kimi qoşulmamış hesab bərabərləşdi. Romeronun top itkisi Qadzenin təkbətək çıxmasına və toru silkələməsinə gətirib çıxardı.

Qoldan dərhal sonra Abdullah Zubirin də meydana daxil olması oyun tempində ciddi dəyişiklik yaratmadı. Düzdü, "Qarabağ" qalan dəqiqələri irəlidə keçirdi. Ancaq rəqib qapısına yaxınlaşmaq qeyri-mümkün idi. "Zirə" isə əks-hücumdan rəqibini ikinci dəfə məyus edə bilərdi. Zaur Həşimov hesabı qorumaq üçün son dəqiqələrdə 6-cı müdafiəçini - Anastasios Papazoğlunu da meydana buraxdı. Bununla yanaşı, hücumçulardan birinin yerinə Soni Nordeni də döyüşə ata bilərdi ki, yeni nəfəs əks-hücum üçün yeni ümid gətirərdi. Ancaq Həşimov 2 əvəzləmə ilə kifayətləndi. Yekun olaraq isə komandası çempiondan 1 xal almağı bacardı.

Bu heç-heçəyə baxmayaraq, "Qarabağ" ən yaxın izləyicisi ilə 8 xallıq fərqi qorudu. "Zirə" isə turnir cədvəlində "Sabah"ı geridə qoydu.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest