Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda Braziliyanın veja.abril.com.br saytına geniş müsahibə verib. Matç.az saytı xəbər verir ki, "Astana"nın üzvü ölkəmiz barədə ağızdolusu danışıb.

- Sizi Azərbaycana aparan səbəb nə oldu?

- Portuqaliyada çempionat başa çatdıqdan sonra "Qarabağ" mənim üçün konkret təklif göndərdi. Nəticədə 2012-ci ildə bu kluba keçdim. Həmin vaxt "Legiya"dan da təklifim var idi və ora cəlbedici görünürdü. Lakin "Qarabağ"la danışıqlar zamanı hər şey sürətli oldu. Menecerim zəng vuraraq Azərbaycandan çox yaxşı təklif gəldiyini söylədi. Atam fərqli ölkə olduğu üçün məni ora göndərməkdən qorxurdu. Amma maddi baxımdan "yox" deyə bilməzdik.

- Yeni ölkənin mədəniyyətinə, dilinə və qidasına necə uyğunlaşdınız?

- Bakıya çatanda şoka düşdüm. çünki heç ingilis dilini bilmirdim. Hər şey fərqli idi – din, mədəniyyət, yemək. Həyatımda heç vaxt bu qədər quzu əti yeməmişdim. İndi isə başqa heç nə yeyə bilmirəm. Quzu kababı, digər təamlar bizdə istifadə edilməyən şeylərdi. İlk illərdə məşqçilər və futbolçular mənə çox kömək etdilər. Onlar görürdülər ki, mən yaxşı insan, yaxşı futbolçuyam və komandaya kömək etmək istəyirəm. Hətta indi də məndən ötrü darıxan, dönməyimi istəyənlər var. Hətta ötən mövsüm başa çatdıqdan sonra "Qarabağ"ın prezidenti mənə və ailəmə təşəkkür etdi. Məni Azərbaycana aparan, orda həyatımın ən gözəl 6 ilini yaşamağıma səbəb olan menecerimə "sağ ol" deyirəm. Orda həm insan, həm də futbolçu kimi inkişaf etdim. Onların mədəniyyəti mənə daha təvazökar olmağı, başqalarına hörmət və kömək etməyi öyrətdi. Məncə, bu, ən vacib amildi.

- Futbola hücumameyilli yarımmüdafiəçi kimi başlasanız da, sonradan orta sahəyə keçdiniz. Bunun səbəbi nə idi?

- Komandada "10 nömrə" idim. Amma çumbinyonun gəlişindən sonra geridən oynamağa başladım. Məşqçi orda oynamağı istəyib-istəmədiyimi soruşdu, mən də razılaşdım. Topu saxlamağı, hücumu başlamağı xoşlayıram.

- Qurban Qurbanov karyeranızda ən önəmli yeri tutan məşqçidi?

- Bəli, O, mənim Portuqaliyadakı oyunlarımı görüb transfer edilməyimi istəmişdi. Qurbanov orda bossdu. Orda prezident var, ancaq idman baxımından bütün səlahiyyət Qurbanovdadı. 10 ildi "Qarabağ"dadı və artıq milli komandaya da rəhbərlik edir. ölkədə böyük nüfuza malikdi.

- "Qarabağ"dakı son mövsümündə çempionlar Liqasında çıxış etdiniz, "Roma", "çelsi" və "Atletiko"ya qarşı oynadınız. Bu, necə təcrübə idi?

- Bu, mənim ən yaxşı xatirəmdi. ötən il Dino Ndlovu, Pedro Enrike və iki ispanıyalı futbolçu Miçel və Dani Kintana ilə çox yaxşı kollektiv qurduq. Hər zaman çempionlar Liqasında oynamağın xəyalını qurmuşam. Həmişə oyunlara televizordan baxırdım. çox həyəcanlandım, ağladım. özümün və ailəmin xəyalını gerçəkləşdirdim. "çelsi" ilə oyuna gedəndə çox həyəcanı idim. Villian, Azar kimi ulduzlara qarşı oynamaq şərəf idi.

- Niyə Qazaxıstana yollandınız?

- "Qarabağ"da hər şey əla idi. Azərbaycanda futbolçular üçün hər cür şərait yaradılıb. çempionatda yer alan 8 komanda da səviyyəlidi. Oyunçulara yüksək məbləğdə maaş verirlər və ödənişlər vaxtında edilir. Amma "Astana"nın təklifi yox yaxşı idi və rədd edə bilməzdim. Onsuz da bu ilin yanvarında yeni müqavilə bağlamayacağımı baş məşqçiyə demişdim. çünki başqa yerdə oynamaq, fərqli mədəniyyətlə tanış olmaq istəyirdim. Əslində Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubuna keçməyə yaxın idim. Ancaq Azərbaycanda "Qəbələ"ni çalışdırmış Roman Qriqorçuk menecerimlə görüşmək istədi. Bir neçə dəfə "Astana"nın təklifini rədd etdim. Ancaq ailəmlə birlikdə qərar verdik ki, bu, yaxşı variantdı və 2 illik müqavilə imzaladım. Qazaxıstan çempionatı yaxşıdı, amma mən "Qarabağ"a qayıtmaq istəyirəm. üstəlik, ordan da geri dönməyimi istəyirlər. Ola bilsin ki, daha 1 il Qazaxıstanda qaldım. Burda hər şey yaxşıdı, ancaq hava çox soyuq olur.

- Azərbaycan vətəndaşlığını almaq prosesi necə getdi?

- Onlar ilk ildən məni yığmada görmək istəyirdilər. Ancaq bu, mümkün deyildi. çünki bu ölkə ilə heç bir bağlılığım yox idi. Azərbaycan vətəndaşlığı almaq üçün 5 il orda yaşamalı idim. Həmin vaxt Azərbaycan yığmasına rəhbərlik edən Robert Prosineçki xidmətimdə maraqlı idi. Məni qəhvə içməyə çağırdı və vətəndaşlıq məsələsini soruşdu. Bildirdim ki, bu yöndə proses gedir. Axı imtina edə bilməzdim. çünki orda həyatımın ən gözəl illərini keçirmişəm. Həyatımda olan hər şeyi Azərbaycan və "Qarabağ"a görə qazanmışam. Prosineçki və AFFA prezidenti yığmada oynamağı təklif etdi. Baş məşqçim də məni buna razı saldı. çünki Azərbaycan millisi üçün oynamaq böyük şərəfdi.

- özünüzü azərbaycanlı kimi hiss edirsiniz?

- Milli komandamız üçün oynamağa başladım, çünki Azərbaycanı sevirəm, bu ölkəyə kömək etmək istəyirəm. Əlbəttə ki, Braziliya yığmasında oynamaq istərdim. Amma dünyanın digər tərəfindəyəm, elə deyilmi? İtaliya və İspaniyadan olsaydım, oranın yığmasında oynamaq şansım daha çox olardı. Amma maddi baxımdan o ölkələrə getməyə dəyməz.

- Yığmadakı debütü xatırlayırsızmı?

- Əlbəttə, 2017-ci ildə seçmə mərhələdə Şimali İrlandiya ilə qarşılaşırdıq. Bundan başqa, Almaniya, çexiya, Norveç, San-Marinoya qarşı da oynadım.

- Ən yaddaqalan oyunun hansı olub?

- Almaniya ilə matç. Mənim üçün inanılmaz idi. çempionlar Liqasında da eyni hissi yaşamışdım. Almaniya çempionatında çıxış edən futbolçuları izlə, sonra isə onlara qarşı oyna. Həyatım boyu xəyal etmədiyim anlar idi.

- Almaniyaya 1:5 hesabı ilə uduzdunuz. Amma bu, almanlara 1:7 məğlub olan Braziliyadan daha yaxşı göstəricidi...

- Bəli. Hətta paltardəyişmə otağında da zarafatla dedim ki, nəticəmiz Braziliyadan yaxşıdı.

- Yığmada ilk qolunuzu oktyabrda Millətlər Liqasında Farer adaları ilə görüşdə (3:0) vurdunuz...

- Bu, maraqlı oyun idi. Millidə 3 qol vurmuşam və bu ölkəyə kömək üçün hər şeyi edərəm. Bu ay Farer adaları və Kosovo ilə vacib oyunlarımız olacaq. Qrup birincisi olmaq üçün Kosovo ilə mübarizə aparırıq. Qrup qalibi pley-offa vəsiqə qazanır. Kosovonun güclü heyəti var, bəzi oyunçuları Almaniya çempionatında çıxış edir. Bu səbəbdən azərbaycanlı futbolçulardan yaxşı durumdadılar.

- Yenidən Braziliyada oynamaq arzunuz var?

- çempionlar Liqasında iştirak etdikdən sonra Braziliyadan 4 təklif aldım. "Atletiko Paranaense" mənimlə əlaqə saxlamışdı. Onlara yarımmüdafiəçi lazım idi. Ancaq uzun müddətdi Avropadayam və bura uyğunlaşmışam. Qızım üçün bura daha rahatdı. Mənim və həyat yoldaşım kimi, o da ingilis dilini öyrənir.

- Karyeranızı bitirdikdən sonra Braziliyaya qayıdacaqsınız, yoxsa Azərbaycanda yaşayacaqsınız?

- Braziliyaya qayıtmaq istəmirəm. Soyuq havanı sevmirəm. Həyat yoldaşıma dedim ki, çimərlikdə yaşamaq istəyirəm. Braziliyadan çoxdandı çıxmışam və ora yalnız bir dəfə istirahət zamanı getmişəm. Ancaq həyatın nə gətirəcəyini bilmək olmur. Məşqçi olub-olmayacağımı da bilmirəm. Hətta "Qarabağ"da da işləyə bilərəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest