"Neftçi" azarkeşləri komandanın uğursuz çıxışı ilə əlaqədar cari mövsümün əvvəlindən klub rəhbərliyini, baş məşqçi Roberto Bordini istefaya səsləsə də, dəyişən heç nə yoxdu. Matc.az saytının məlumatına görə, tərəfdarlar da artıq tədricən bu vəziyyətlə barışmış kimi görünür.

Təsadüfi deyil ki, paytaxt klubu azarkeşlərinin feysbukdakı "Neftchi Baku" səhifəsində sabah "Keşlə"yə qarşı keçiriləcək oyun öncəsi maraqlı açıqlama verilib. Fanatlar rəhbərlikdən, baş məşqçidən narazı olsalar da, onların hətta ağır məğlubiyyət fonunda da postlarından ayrılmayacağını qəbul etdiklərini, hər şeyə rəğmən komandadan qələbə gözlədiklərini vurğulayıblar:

"Sabah komandamız Azərbaycan Premyer Liqasında növbəti matçına çıxacaq. Rəqib bu il heç də pis çıxış etməyən "Keşlə"di. Bir azarkeş kimi komandamızdan yalnız qələbə gözləyirik. Əksini düşünə bilmərik. Baxmayaraq ki, klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov və baş məşqçi Roberto Bordinin işindən narazıyıq. Bununla belə, komandadan yalnız qələbə gözləyirik. Onsuz da oyunun nəticəsindən asılı olmayaraq, baş məşqçi Roberto Bordin öz yerində qalacaq. Lap 0:8 olsun hesab. Adam son oyundan sonrakı iclasda deyib ki, mən istefa verməyəcəm. Komandanı hədəfə çatdırmaq üçün çalışıram. Hədəfə çatmasam, istefa verəcəm (mayda onsuz da müqaviləsinin müddəti bitir). Kamran Quliyev onun gedişi üçün "Neftçi"nin Müşahidə Şurasına məktub ünvanlayıb, amma bu işin onluq olmadığı barədə qəti tapşırıq gəlib. Odu ki, Kamran Quliyev və Ceyhun Sultanovun gedişi heç nəyi dəyişmir, adamların onsuz da qərar vermək səlahiyyətləri əllərindən alınıb. Niyə? Uğursuzluqlara görə. Haqlıdırlar, yoxsa haqsız?"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest