"Belə bir komandanın Bakıya gəlməsi, bütün Azərbaycan futbolu üçün sevindiricidi". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah ilk oyununu keçirəcək. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda "Sevilya"nı qəbul edəcək.

Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Azarkeşlər bir ilə yaxın idi ki, bu cür kluba qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq".

- "Atletiko"dan sonra "Sevilya"dan da ən azı 1 xal almaq mümkündümü?
- "Sevilya" çempionlar Liqasının qrupunda oynamağa layiq komandadı. Amma evdə oynayacağıq. Düşünülmüş oyun göstərə bilsək, yaxşı nəticə də əldə edə bilərik. Rəqibə layiqli mübarizə aparmağa çalışacağıq.

- Mahir Emrelinin son durumu necədi?
- Mahirin durumu yaxşı deyil. Böyük ehtimalla, oyunu buraxacaq.

- İspaniyalı futbolçularınızdan rəqib barədə hər hansı məlumat almısınızmı?
- Heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac da yoxdu. Rəqibi yaxşı tanıyırıq.

- Xulen Lopeteqini nə qədər tanıyırsınız və onun məşqçilik metodu barədə nə deyə bilərsiniz? Rəqibin heyətində hansı oyunçunu fərqləndirə bilərsiniz?
- Xüsusi tanışlığım yoxdu. "Real"da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl ispan futbolu tələb edən məşqçidi. Mənim də İspaniya futboluna marağım böyükdü. Ən çox izlədiyim çempionat La Liqa, milli komanda isə İspaniyadı. Heyətlərini saysam, gərək hamısını sayam. Hamısının adını çəkmək olar. Bilmirəm hansını deyim. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlərimiz oyunumuzdan razı qalsın.

- "Sevilya" rəsmiləri və futbolçuları açıqlamalarında "Atletiko" ilə heç-heçələrinizi qabardırlar. Rəqib sizə artıq çətin rəqib gözü ilə baxır. Bu sizin işinizi çətinləşdirməyəcək?
- Açıqlamalarından məlumdu ki, oyuna ciddi hazırlaşırlar. Ola bilər ki, həmin nəticə onları daha ciddi hazırlaşmağa vadar edib. İstənilən halda, inanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin, ciddi hazırlaşmasın. Xüsusən də, İspaniya klubları. Futbolda son vaxtlar gözlənilməz nəticələr olur. Bu da iddialı klubları ciddi hazırlaşmağa məcbur edir. Rəqibin də sabah həddən artıq ciddi olacağını düşünürəm.

 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest