Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun klubu "Aue"dəki taleyinə aydınlıq gəlib. Matc.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, 29 yaşlı oyunçu komandası ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Bunu klubun sahibi Helqe Leonhardt da təsdiqləyib. O, Filipp Riese və Paskal Testroetdən sonra daha 4 oyunçuya yeni müqavilə təklifi etdiklərini söyləyib. "Aue" Nazarovla yanaşı, Tom Baumqart, Yan Hoxşaydt və Klemens Fandrixi heyətdə saxlamaq niyyətindədi. Adıçəkilən oyunçulardan yalnız sonuncunun sözləşməsi cari mövsümün sonuna qədərdisə, digərləri 2021-ci ilin yayına qədər "Aue"yə məxsusdu.

"Bu 4 oyunçu və onların menecerləri ilə danışıqlarımız son mərhələdədi. Onların hamısının müqavilə müddəti 2023-cü ilin yayına qədər uzadılacaq. Əgər nəyəsə nail olmaq istəyiriksə, xarakteri möhkəm olan güclü futbolçulara ehtiyacımız var. Bu oyunçular da istəyimizə uyğundu və yeni baş məşqçinin aparıcı futbolçularıdı", - deyə Helqe Leonhardt bildirib.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Aue"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest