"Qarabağ"ın sabiq futbolçusu Əlhərbi El-Jadeyui karyerasını başa vurub. Matc.az saytının məlumatına görə, mərakeşli yarımmüdafiəçi bununla bağlı Fransa mətbuatına müsahibə verib.

33 yaşlı sabiq oyunçu müsahibə zamanı "Qarabağ"ı da unutmayıb. O, bir neçə Liqa1 klubunda çıxış etməsinə baxmayaraq, Azərbaycan çempionunu müsbət mənada hamısından fərqləndirib.

Mərakeş millisində də 1 oyun keçirmiş El-Jadeyui "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu isə "Real"ın çalışdırıcısı Zinəddin Zidana bənzədib: "çoxları "Qarabağ"da nə edəcəyimi düşünürdü. Amma ora ən yaxşısı idi. Paltardəyişmə otağına girirsən, hər şey hazırdı, hətta geyinəcəyin butslar da. "Qarabağ" inkişaf etdiyim ən böyük klubdu. Baş məşqçinin adı Qurban Qurbanovdu. O, yerli Zidandı. Az qala stadionda yatırdı, ona görə də ehtiraslı idi. Taktiki və texniki cəhətdən mənə çox şey öyrətdi. İnsanlar bu klubun çempionlar Liqası və Avropa Liqasında müntəzəm iştirak etdiyini unudurlar".

Qeyd edək ki, "Qarabağ"a 2015-ci ilin yayında "Lans"dan keçən Əlhərbi El-Jadeyui il yarım Ağdam klubunda çıxış etdikdən sonra Tailand liqasına yollanıb. Onun son komandası "Qrenobl" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest