Azərbaycan Premyer Liqasında cəmi 4 tur geridə qalmasına baxmayaraq, artıq iki baş məşqçi istefası reallaşıb. Gözlənildiyi kimi, "Qəbələ"dən sonra "Sabah" da çalışdırıcısını postundan kənarlaşdırıb.

Yayda edilən güclü transferlərə və yaxşı maliyyəyə baxmayaraq, paytaxt təmsilçisi ilk 4 turda cəmi 2 xal toplayıb və qalib gəlməyən yeganə komandadı. Hədəfi ilk "3-lük" olan "Sabah" rəhbərliyi bu duruma çox səssiz qala bilməzdi və Elşad Əhmədovla vaxtında yollar ayrılıb.

Bəs indiki məqamda "Sabah"ı kim çalışdırmalıdı? ölkədə klub sayı kimi, nəticə verən mütəxəssis sayı da barmaqla sayılacaq qədərdi. İndiki durumda bu komanda üçün ən ideal məşqçi kimi "Keşlə"nin çalışdırıcısı Tərlan Əhmədovu göstərmək olar. Aşağı büdcəli AZAL-da gördüyü iş, rəhbərlik tərəfindən sıxışdırılmasına baxmayaraq, "Neftçi"yə qazandırdığı bürünc medal onun bacarığından xəbər verir.

Elə hazırkı komandası "Keşlə"nin zəif büdcə və heyətlə ilk 4 turda 6 xal toplaması və digər iki matçda minimalhesablı məğlubiyyət alması Əhmədovun daha güclü komandaya uyğun olduğunu göstərir. Nəzərə alaq ki, "Keşlə"də prezident Zaur Axundov "11-liy"i müəyyənləşdirməkdən, digər məsələlərə qədər hər zaman baş məşqçlərin işinə müdaxilə edib.

"Sabah" Tərlan Əhmədov üçün maraqlı macəra ola bilər. Hər halda bu cür büdcə və heyəti hər bir məşqçi əlinin altında görmək istəyər. üstəlik, klubda rəhbərliyin baş məşqçinin işinə qarışmaması və ona son anadək dəstək verməsi güclü mütəxəssislə uğurlu nəticələri özü ilə gətirər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest