"Mahnı oxumaqla aram yoxdu. Amma Azərbaycan, Türkiyə, Dağıstan və bəzən də çeçenistanın musiqilərini dinləyirəm. Düzdü, hamısını tam başa düşə bilmirəm. Ancaq zövq alıram". Matç.az saytının məlumatına görə, bunu "Rostov"un azərbaycanlı futbolçusu Ayaq Quliyev deyib.

Rusiyanın matchtv.ru saytına həyatı barədə geniş müsahibə verən Quliyev ata yurdu Azərbaycan haqda da danışıb. 22 yaşlı yarımmüdafiəçi ölkəmizə nadir hallarda gəldiyini vurğulayıb: "Əslən Masallı rayonunun Boradigah qəsəbəsindən olsam da, ora haqda çox danışa bilmərəm. çünki Moskvada dünyaya gəlmişəm və 5 yaşımdan etibarən "Spartak"ın akademiyasında olmuşam. Nadir hallarda Masallıya getmişəm. Cənub zonasıdı, çox isti olur. Atam ordan gəlib. Onun ailəsi böyük olub. Təkcə 7 qardaş olduqlarını söyləməyim kifayət edər. Hamısı bir yerdə qaldığı üçün onlara hər şey asan olur. Bir-birilərinə kömək edirlər. Əlbəttə ki, pul qazanmaq asan deyildi, lakin bunun öhdəsindən gəlmək üçün bir yol tapıldı. İndi daşınmaz əmlak və kiçik mağazalarla məşğuldular".

Gənc futbolçu atası Bəxtiyar Quliyevin onun inkişafında böyük rol oynadığını söyləyib: "Atam heç vaxt arxayınlaşmağıma imkan verməyib, məni tərbiyəli böyüdüb. Daim inkişafım, yaxşı təhsilim üçün məni məcbur edib".

Həmyerlimiz qəzəbləndiyi bir xatirəsini də həmkarlarımızla bölüşüb: "Bir dəfə həyətdə dostlarla gəzirdik. Nəsə dedilər, heç nədən əsəbləşdim və onları evlərinə qədər qovdum. Mənzilə daxil olub pnevmatik tapançadan atəş açmağa başladım. Balaca idim, nə etdiyimi tam dərk etmirdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest