Turun mərkəzi görüşü ötən çempionatın bürünc mükafatçısı "Səbail" və "Qarabağ" arasında olmalı idi. Amma çempion rəqibini 4 cavabsız qolla rahatlıqla darmadağın etdi.

Ən maraqlı qarşılaşma isə "Neftçi" və "Sumqayıt" arasında baş tutdu. "Neftçi" haqda çox yazılıb və çox deyilib. Komandanın uğurlarında əvəzsiz payı olan "Forza "Neftçi" azarkeş qrupu oyunları boykot edir. Amma bu boykotdan əvvəl də işlər qaydasında deyildi. Həmin çılğın azarkeşlərin dəstəyi hesabına zəif "Bney Yehuda" ilə Bakıdakı oyunu çətinliklə heç-heçəyə gətirə bilsələr də, sonrakı görüşlərdə komanda həddən artıq istəksiz və könülsüz təsir bağışladı. Səbəb axtarmaq, xüsusən problemin dərinliklərini bilmək çox çətindi. Amma "Neftçi"nin son oyunlarına baxanda, "Arsenal"la da eyni komandanın oynadığına inanmaq olmurdu.

"Sumqayıt"la qarşılaşma da "flaqman" üçün yaxşı başlamamışdı. Amma Roberto Bordinin yetirmələri xarakter göstərib əzmkar qələbə qazana bildilər. Komandada "Arsenal"la oyunlardakı istək az da olsa sezildi. Amma bu, "qara zolaq"dan çıxmaq anlamına gəlməz. Qarşıda "Qarabağ"la çətin oyun var və bu qarşılaşmada "Neftçi" qələbə qazanmasa, çempionluq mübarizəsi başlamamış bitə bilər. Bəs "xalq komandası"na birdən-birə nə oldu?

Bu suala cavab vermək, dediyimiz kimi çox çətindi. Yalnız onu anlamaq çətin deyil ki, komanda daxilində işlər qaydasında deyil və çox güman sağlam mühit haqda danışmaq belə yersizdi. Bunun günahkarı, katalizatoru kimdi, onu da bilmirik. Bildiyimiz bir şey var ki, azarkeşlər və media əsas günahkar kimi prezident Kamran Quliyevin adını çəkir. Matc.az yaxın günlərdə komandadakı son vəziyyət haqda "flaqman"ın prezidentinin fikirlərini öyrənib sizlərə çatdırmaq niyyətindədi.  Bizi izləyin.

"Neftçi"dən fərqli, "Sumqayıt"da daxili mühitin çox sağlam olduğu deyilir. Əslində, bunu sumqayıtlıların oyunundan da sezmək mümkündü. Premyer Liqada ən kiçik büdcəyə malik komanda, heyətində demək olar ki, legioner olmayan komanda, azödənişli futbolçularla özündən qat-qat imkanlı klublara çox çətin anlar yaşadır. Etiraf etmək lazımdı ki, son iki turda "Sumqayıt"ın hakim sarıdan da bəxti gətirmədi. Həm "Səbail", həm də "Neftçi"yə məğlubiyyətlərlə bitən oyunlarda hakimlər "kimyaçılar"a qarşı kifayət qədər ədalətsiz qərarlarla yadda qaldılar. Amma bütün bunlar "Sumqayıt"da görülən işə kölgə sala bilməz.

Klubun gənc prezidenti Riad Rəfiyevin əlində Kamran Quliyev kimi geniş büdcə və imkanlar olsa, təbii ki, onun klubu çoxdan Avropada səs salmışdı. Hələliksə, Rəfiyev kiçik büdcəylə həqiqətən böyük işlər görür. çempionatın hazırkı bombardiri Mehdi Şərifi səviyyəsində İran kimi futbol ölkəsində tanınan hücumçunu bu büdcəylə Azərbaycana gətirmək, Cəmaləddin Xocaniyazov kimi "Zenit" və BATE-də - çempionlar Liqasının daimi "sakinləri" olan klublarda oynamış futbolçunu transfer etmək qəhrəmanlığa bərabərdi.

Quliyevdən fərqli, Rəfiyev "Sumqayıt"da kifayət qədər yaxşı işlər görür və özünü bacarıqlı prezident kimi sübut edir. Yəqin ki, futbol elitası da hər şeyə diqqət yetirir və Rəfiyev gec-tez layiq olduğu ən yüksək səviyyədə etimad qazanacaq. Hələliksə, "Sumqayıt" bütün çətinliklərə baxmayaraq, Premyer Liqada gözəl oyunu ilə yadda qalır və istənilən rəqib bu komandadan çəkinir. Əgər Riad bəy mövsümün sonunacan klubu tərk etməsə, ötən il tarixində ilk dəfə ölkə kubokunun finalına yüksələn "Gənclik şəhəri"nin təmsilçisini bu il avrokuboklara vəsiqə qazanan görsəniz, təəccüblənməyin!

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest