Azərbaycan Premyer Liqasının III turunun "Səbail" - "Qarabağ" oyununu izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də olub. Matc.az saytı xəbər verir ki, PFL rəhbəri qonaqların 4:0 hesablı qələbə qazandığı qarşılaşmadan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

- "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Sevilya", APOEL və "Dedalanj"la düşüb. Qrup barədə nə deyə bilərsiniz?
- Qorxduğumuz yeganə komanda "Sevilya"dı. O birilərdən çəkinməməliyik. Amma "Sevilya"ya qarşı da nəsə etmək olar. Onlardan ən azı 1 xal almaq olar. Niyə də yox?

- "Neftçi" - "Sumqayıt" matçında baş verənlərdən xəbəriniz varmı?
- Bəli, xəbərim var. Hər şeydən məlumatım var. İnşallah, həftənin üçüncü günü hər şeyi eşidəcəksiniz.

- Şəxsi fikriniz necədi?
- Bu hadisələr olmamalı idi. Əgər bir hadisə olubsa, bu da cavabsız qalmamalıdı. Xoşagəlməz hadisə məşqçinin məşqçiyə əl qaldırmasıdı. Qalan şeyləri qəbul etmək olar. Hakim, futbolçu, məşqçi səhvləri başadüşüləndi. Ancaq məşqçinin həmkarına əl qaldırması qeyri-etikdi.

- Geridə qalan 3 turu necə dəyərləndirirsiniz? çempionatın səviyyəsi sizi razı salır?
- 3 turla çempionatın səviyyəsini bilmək olmaz. 5-6 turdan sonra bu barədə nəsə demək olar. Futbolçular istirahətdən yeni qayıdıblar. Məşqçilər taktikalarını hələ tam yeridə bilməzlər. Futbolçulara da həmçinin formaya düşmək üçün vaxt lazımdı. Düzdü, avrokubokda iştirak edən komandaların bunu gözləməyinə ehtiyacı yoxdu. Amma digərlərinə zaman lazımdı.

- "Qarabağ"ın 4:0 hesablı qələbəsinə sevindiniz, yoxsa "Səbail"in 0:4 hesablı məğlubiyyətinə üzüldünüz?
- Məyus olmalı bir şey yoxdu. çünki "Qarabağ" futbolda öz sözünü demiş komandadı. Hər iki komandanın vəziyyətini də nəzərə almalıyıq. "Səbail" böyükhesablı məğlubiyyətə baxmayaraq, gənc uşaqlarla oyun göstərdi.

- "Neftçi"nin oyununda yenə polislərlə azarkeşlər arasında problem yarandı və az qala "Neftçimani" fan-klubunun üzvləri yenə stadiondan çıxarılacaqdı. Azarkeşlər tribunalardan çıxarılacaqsa, oyuna kim baxacaq?
- Həmişə azarkeşlərin tərəfində olmuşam, onlara kömək də eləmişəm. Bir problem yaşadıqları zaman yanlarında olmuşam. Ancaq söyüşün əleyhinəyəm. Kimisə təhqir etmək, qəlbini qırmaq olmaz.

- Sponsor məsələsi hələ açıq qalıb?
- Sponsorluq məsələsini bu gün təxminən saat 2-də danışmışıq. İnanıram ki, tezliklə həll olunacaq. İki əcnəbi şirkət namizəddi.

- ötən mövsümdən borclu qalan klub varmı?
- Xeyr, hamısı ödəyib. çünki elə çox borc yox idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest