"Bu uşağın böyüyüb kim olacağını düşünəndə, adamın tükləri biz-biz olur". Məşhur "Sehrli xalat" filmində vəzirin fikri sanki Azərbaycan futbolunun bu gününə şamil edilib.

17 yaşadək futbolçulardan ibarət yığmamızın son nəticələri də bizi hansı gələcəyin gözlədiyini göstərdi. Ramin Quliyevin başçılıq etdiyi komandanın Avropa çempionatının seçmə mərhələsində Norveç (1:4) və çexiyaya (0:2) məğlubiyyəti bir tərəfə, ilk iki oyunda qapısında buraxdığı topların sayını unudan Albaniyaya uduzması lap rüsvayçılıq idi. Bizim uşaqlar indidən antirekorda imza atmağı bacarırlar.

Əsas yığmamızdan artıq hamının əli üzülüb ki, Qurban Qurbanov nəsə yeniliklər etmək istəyir. Di gəl ki, özünün də dediyi kimi, siyahısında cəmi 40 oyunçu var. Amma əminliklə deyə bilərik ki, onların da yarısı peşəkar futbol üçün yararsızdı. U-21-in nəsə əlahiddə bir iş görəcəyinə heç baş məşqçi Rəşad Sadıqov da  inanmır. U-19-un varlığından isə nəinki bizim, Vüqar Məmmədin özünün də xəbəri yoxdu. Avropada 19-21 yaşlı futbolçular artıq "Qızıl top"a namizəd sayılır, 100-150 milyon avroluq transfer dəyərləri olur. Bizdə isə bu yaşdakı oyunçulara yatırım eləmək bir tərəfə, hətta onlara futbolçu deməyə adamın dili gəlmir.

Belədə ümid qalır yeniyetmələrə. Bizim U-17 isə böyüklərinin açdığı cığırla getməyi üstün tutur. Bu yol isə "işıq gələn" yox, "it hürən" tərəfdi.

İndi 5-10 ildən sonra futbolumuzun bu uşaqların ümidinə qalacağını düşünəndə, adamın tükləri biz-bir olur. Amma "Sehrli xalat"da vəzirin sözünə xan yaxşı cavab verib: "Yox, o böyüməyəcək. Cəllad!" Həqiqətən də, bizim futbolun böyüyəndə daha biabırçı nəticələr göstərməsinin qarşısını almaq üçün nəyəsə ehtiyac var.

Norveçlə oyundan sonra "Bizi nə gözlədiyini əvvəldən bilirdik. Elə ilk dəqiqələrdən hər şey gözlədiyimiz kimi oldu. Belə turnirlərdə rəqib ani səhvləri bağışlamır", - deyən Ramin Quliyev yəqin oyunçularının səhv edəcəyini əvvəldən bilirmiş. Adama deyərlər, bunları bilirdinsə, niyə əvvəldən tədbir görməmişdin? Onun çexiya ilə matçdan sonrakı fikri isə daha maraqlı alınmışdı. 90 dəqiqə ərzində qapıya cəmi 2 zərbəsi olan yetirmələrini müdafiə edərkən, Quliyev özünü belə "yandırmışdı": "İlk hissədə rəqibə, demək olar ki, oyun qurmağa imkan vermədik. Fasilədən sonra 2-3 qol imkanı yaratdıq. Son 10 dəqiqədə hesabı bərabərləşdirmək üçün risk edərək üç hücumçu ilə mübarizə apardıq".

üçüncü matçdan sonrakı açıqlamanı isə heç demirəm. çünki belə bir açıqlama olmamışdı. Yəqin millinin mətbuat xidməti Albaniya ilə oyundan xəbərsiz idi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest