Hər ay bu söhbət açılır, hamısında da "Səbail"in AFFA-da da ayrıca işi, vəzifəsi olan mətbuat katibi Törə Əhmədova yaxın günləri nişan verir. Ay bu gün gələr, ay sabah gələr.

Camaatı yola vermək üçün də bacarıq lazımdı. Əhmədova artıq 1 ildən çoxdu ki, doğuş tarixi üçün növbəti ay vədi verir, "Səbail" isə azad olmaq istəmir. Artıq vədlər də adiləşib, yalana çevrilib. Gözümüzün içinə baxa-baxa uydururlar.

Doğrusu, bu məsələ futbol baxımından ciddi olay deyil, "Səbail"in rəsmi klub saytının olub-olmamağı fərq etmir. Sadəcə, jurnalistlər də acığa üzərinə gedir, doğulacaq uşağın rəngi ilə maraqlanırlar – mavi geyimli "Səbail"in mavi cocuğunun gəlişini alqışlamaq niyyətindədilər.

Klub 2 ildi Premyer Liqada çıxış edir, avrokuboklara getmək üçün real mübarizəyə girişib, büdcəsi 5 milyondan artıqdı. Nə olsun? 2-3 min manat xərc tələb edən saytı açmaq Qarabağ probleminə çevrilib. Sosial şəbəkədə də klubla məzələnir, lağa qoyurlar. Bircə Samiraldonun "açıldı" deyə sual verməsi qalıb.

Yığılıb qurtarmaq bilməyən sayt həm də "Səbail" rəhbərliyinin üzüdü. Mətbuata, azarkeşlərə münasibətləri də orada əksini tapır. Tamerlan Abdullayevin qeyri-rəsmi idarəsində olan klub legonerlərə yüzminlər xərcləyir, məşqçi göstərən istənilən futbolçunun transferi 2 günə həll olunur, bir çırtmaya SOCAR-dan gələn vəsait artırılır, yalnız saytın açılması düyünə düşüb.

Yaxın günlərdə açılacağı vədi veriləndən bu yana Bayıl arenası təmir olunub, baza üçün əlavə mərtəbə inşa olunub, 2 dəfə komandanın baş məşqçisi dəyişib, 20-ə yaxın legioner gəlib-gedib, 2 dəfə icraçı direktor, 1 dəfə klubun real idarəçisi, 3 dəfə Müşahidə Şurasının tərkibi dəyişib. Bu zaman biçimində 10 milyon manatdan çox vəsait havaya sovrulub. Bircə "Səbail"in saytı doğulmur ki, doğulmur. Təcili Tibbi Yardım maşını hər ay sancılanma xəbəri ilə çağırılsa da...

futbolinfo.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest