"Qarşıdakı 4 oyunun ikisini evdə keçirəcəyik. Slovakiya və Azərbaycanı doğma azarkeşlərimiz önündə məğlub edə bilsək, Avropa çempionatına vəsiqə qazana bilərik. Bu iki matçda 6 xal kifayət edə bilər".

"Azərbaycanla səfər oyununda məni heç bir xəbərdarlıq etmədən tribunaya qovdular. Halbuki, pis bir iş görməmişdim və ya deməmişdim. Ancaq bu, məni Uelslə ev oyununu texniki zonadan izləməkdən məhrum etmişdi". Matc.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

İtaliyalı mütəxəssis yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsindəki çıxışlarını dəyərləndirib. Komandasının E qrupunda ilk 4 turda 9 xal toplamasından və turnir cədvəlinə başçılıq etməsindən məmnun olduğunu bildirən 54 yaşlı çalışdırıcı final mərhələsinə adlamaq şanslarını yüksək qiymətləndirib.

O, bunun üçün ev oyunlarında büdrəməməyin vacib olduğunu söyləyib: "Qarşıdakı 4 oyunun ikisini evdə keçirəcəyik. Slovakiya və Azərbaycanı doğma azarkeşlərimiz önündə məğlub edə bilsək, Avropa çempionatına vəsiqə qazana bilərik. Bu iki matçda 6 xal kifayət edə bilər. Fikrimcə, 90% bunu reallaşdırmaq şansımız var. Ancaq futbol riyaziyyat deyil, digər oyunların nəticələri də taleyimizə təsir göstərə bilər. Hesab edirəm ki, işimizi təhlükəyə atmamaq üçün Xorvatiya və Uelsdən də xal almalıyıq".

Qeyd edək ki, Macarıstan - Azərbaycan oyunu oktyabrın 13-də Budapeştdə keçiriləcək. Bakıdakı qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest