Roberto Bordin və Kiril Petrov açıqlamaları ilə böyük səhv etdilər. Azarkeşlər nə baş məşqçini, nə də müdafiəçini bağışlamayacaq. Bordinin istefa şüarları səsləndirənləri azarkeş saymaması, onların öyrədilmiş adamlar olduğunu bildirməsi, Petrovun da oxşar bəyanat verməsi fanatların mövsüm boyu bu cütlüyü təzyiq altında saxlamasına kifayət edəcək.

"Neftçi" fanatları komandaya can yandıran həqiqi azarkeşlərdi. Bəzən səbrsiz ola, düzgün yönlənməyə bilərlər, içərilərində fərqli düşünənlər də ola bilər. Amma hamısının yeganə düşüncəsi komandanı zirvədə, uğurlu görməkdi. Bu insanları günahlandırmaq, onlara damğa vurmaq yolverilməzdi. Bordindən, Petrovdan fərqli olaraq, pul üçün, müqavilə üçün deyil, məhz komandaya sevgidən "Neftçi"li olanları indi bu əcnəbilərin ayağına vermək olmaz.

Elxan Abdullayev baş məşqçi olarkən eyni səhvə yol vermişdi və azarkeşlər onu bağışlamadı, istefasına nail olanadək oyunları boykot etdilər, tribunaları doldurarkən isə onu hədəf seçdilər. İndi isə Bordinlə Petrov bu aqibəti özləri üçün seçmiş oldu.

"Neftçi" rəhbərliyi ötən mövsümün sonundan başlayaraq, azarkeşlərlə əla birlik yaratmışdı. Və bunun faydası komandaya dəyirdi. ""Arsenal"ın yenilməsində də, "Bney Yehuda"yla Bakıdakı oyunda məğlubiyyətdən qaçılmasında da azarkeşlərin rolu danılmazdı. Görünür, hansısa məqamda münasibətlərə çat düşdü, kimsə səhv etdi və ya vədlərlə reallıqlar üst-üstə düşmədi. Gərginliyi aradan qaldırmaq, yenidən barışmaq lazım olduğu məqamda bu açıqlamalar odun üstünə benzin tökmək cəhdidi.

 Dünən "Sabah"la oyunda tribunalarda ab-hava yaxşı deyildi. Bir qrup azarkeş, o cümlədən "Neftçimaniya" fan-klubu ilk hissə boyunca rəhbərliyi, məşqçini istefaya səslədi. Hesab 0:0 olarkən buna ehtiyac yox idi, komandaya dəstək vermək, nəticə uğursuz olduğu halda bunu etmək olardı. Amma İsraildəki məzmunsuz oyunu və məğlubiyyəti unutmayanlar elə start turundaca buna ehtiyac duydu.

"Forza Neftçi"nin bu şüarlara dəstək verməməsi narazılığın əhatə dairəsinin böyük olmamasını göstərirdi və zamanla inciklik aradan qalxacaqdı. Lakin Bordinlə Petrovin açıqlamasından sonra proses qarşısıalınmaz həddə çatıb. Son oyunda sıralarında seyrəlmə hiss edilən "Forza Neftçi" də bəyanat yayaraq komandanı boykot etdiyini açıqlayıb. Bu isə növbəti dəfə klubla azarkeşlər arasında çətinliklə qurulan bağların qopması deməkdi. Hər səhv ifadə, açıqlama vəziyyəti daha da gərginləşdirir. Uğursuzluqlara görə üzr istəmək əvəzinə azarkeşi qınamaq ağılsızlıqdı.

Bəli, "Neftçi"nin indi məhz dəstəyə ehtiyacı var. Uzun sürən titulsuzluqdan sonra klub indi-indi özünə gəlir, nəticələr ildən-ilə yaxşılaşır. Bu mövsüm də komanda çempionluğa iki əsas namizəddən biri olacaq. Təəssüf ki, tarix boyunca bel olub, "Neftçi" saray davalarını qurbanına çevrilib, indi də kluba yiyələnmək üstündə taxt davaları gedir. Hər şey yoluna düşməyə başlayarkən, bunlar arzuolunmazdı. Kiçik səhvlərdən yararlanıb şəxsi məqsədlərini ortaya qoyanlar var. Rəhbərliyin, məşqçilərin, futbolçuların səhvləri də buna rəvac verir. Amma hər səhvə görə gərginlik yaratmaq yox, səhvlərdən nəticə çıxarmaq lazımdı. Azarkeşləri narazı salan da səhvlərdi, zəif İsrail klubunu yenə bilməməkdi. "Arsenal" üzərində möhtəşəm qələbədən sonrakı uğursuzluq məşqçi və futbolçuların, rəhbərliyin günahıdı, sabit olmamağın mütləq səbəbi var. İstefa şüarları, məlum açıqlamalar isə vəziyyətdən çıxış yolu deyil. Vəziyyətdən daha uyğun şəkildə çıxmaq, birliyə nail olmaq olardı.

Dünənki matçın fasiləsində narazı azarkeşlərin stadiondan kənarlaşdırılması da səhv addım idi. Klubun bu işdə rolunun olub-olmadığına əmin deyilik, polislərin niyə belə addım atdığı araşdırılmalıdı. Azarkeşi tribunadan qovmaq yox, onları dinləmək, narazıları ovutmaq üçün müəyyən addımlar atılmalıdı. Və yəqin ki, belə də olacaq. Bordinlə Petrov isə…

İndiki məqamda "Neftçi" rəhbərliyinə yaraşan məhz bu iki şəxsi cəzalandırmaq olar. Bordinin mətbuat vasitəsi ilə üzr istəməsi, Petrovun bir müddətlik əsas heyətdən uzaqlaşdırılması, hər ikisini azarkeşlərdən görüş istəməsi - məhz bu kimi addımlar fanatları ovudardı. O zaman gərginlik aradan qalxar, sülh toxumları səpilər və hamı komanda ətrafında birləşər, daha yaxşı nəticələr təmin edilərdi. Mümkündü və gec deyil. Elə indi bunu etmək vacibdi. futbolinfo.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest