"Sabah"ın vingeri Hendrik Eksteyn Premyer Liqanın I turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra müsahibə verib. Matc.az xəbər verir ki, 27 yaşlı cənubi afrikalı futbolçu öncə oyunla bağlı danışıb:
 
- Həmişə 3 xal haqqında düşünürük. çətin görüş oldu, "Neftçi" güclü rəqibdi. Bir xal götürmək normal nəticə sayılmalıdı.
 
- İki topunuz dirəkdən döndü. Hesabı ədalətli sayırsınız?
- Deyə bilərəm ki, hərdən belə olur, qol şansları yaradırsan, amma dirək və tir buna mane olur. Bu, bəxtsizlikdi. 1:1 hesabı pis nəticə deyil.
 
- "Sabah" çempionluğa oynaya bilər?
- Məncə, biz UEFA zonasını da düşünə bilərik. Təbii ki, hər oyunda şanslardan yaxşı istifadə etsək, çempionluğa da oynaya bilərik.
 
- "Kayzer çifs" kimi məşhur klubdan "Sabah"a niyə gəlmisiniz?
- Hər dəfə məkanı dəyişmək gözəldi, indi Azərbaycandayam. Mənə də maraqlı gəlir. Yeni macəradı.
 
- Adınız daha əvvəl "Qarabağ"la da hallanıb. Bu söhbətlər həqiqət idi?
- "Qarabağ"dan yox, "Səbail"dən maraqlanıb, təklif göndərmişdilər.
 
- "Səbail"in təklifini niyə qəbul etmədiniz?
- Əvvəlcə "Səbail"dən təklif almışdım. Qorxdum, bilmirdim hara və niyə gedirəm. "Sabah"dan təklif alandan sonra isə "Qarabağ"ın keçmiş hücumçusu Dino Ndlovudan məlumat aldım. Azərbaycanı çox təriflədi. Qərara gəldim ki, "Sabah"a keçməliyəm.
 
- Azərbaycanda oynaya-oynaya Cənubi Afrika Respublikasının milli komandasına dəvət almaq mümkündü?
- Məncə, onlardan zəng ala bilərəm. çünki xaricdə oynayanlarla maraqlanırlar. Buranın çempionatı kifayət qədər normal səviyyədədi. Niyə də yox?! Mən ümidliyəm ki, dəvət gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest