"Bu mövsüm komandamız iddialıdı. Əgər komandaya cəlb olunan legionerlər də ümidləri doğruldub potensiallarını ortaya qoya bilsələr, o zaman hədəfə çatmaq mümkün olacaq"

Azərbaycan Premyer Liqasının ilk turunda sabah "Neftçi" ilə qarşılaşacaq "Sabah" klubunun müdafiəçisi Ruslan Abışovun müsahibəsi

- Artıq 2 aydan çoxdu "Sabah"dasız. Komandaya tam uyğunlaşa bilmisiz?
- "Sabah"da ilk gündən özümü çox yaxşı hiss edirəm. Komandamızdakı əksər futbolçularla "Neftçi"də birgə oynamışıq. Buna görə də uyğunlaşma prosesi çox qısa çəkdi.

- ötən mövsüm "Neftçi"nin heyətində ağır zədə almışdız. Zədəniz tam sağalıb?
- Bəli, artıq zədəmi tam sağaltmışam. özümü yaxşı hiss edirəm. Oynadıqca hər şey yaxşı olacaq.

- Premyer Liqada yeni mövsüm start götürdü. "Sabah" çempionata neçə faiz hazırdı?
- Hazırlığımız yüksək səviyyədə keçib çempionata hazır olduğumuzu deyə bilərəm. Bunun neçə faiz olduğu isə ilk oyundan sonra bilinəcək. 

- İlk oyununuz sabiq klubunuz "Neftçi"yə qarşı olacaq. Bu görüşlə bağlı nə deyə bilərsiz?
- çempionluğa əsas namizədlərdən biri ilə oynayacağıq. çox çətin olacaq. Amma biz də çempionata xalla başlamaq niyyətindəyik.

- Oyunöncəsi hər hansı prinsipiallıq, meydanda kimlərəsə sübut etmək istədiyiniz nəsə varmı?
- Yox, heç bir prinsipiallıq yoxdu. Sadəcə, ağır zədədən sonra dünyanın sonu olmadığını, hər şeyin əvvəlki kimi yaxşı olduğunu göstərmək istəyirəm. 

- "Neftçi" avrokuboklara yaxşı başlasa da, III təsnifat mərhələsində mübarizəni dayandırdı. Halbuki, bu yay yaxşı transferlər edilmişdi və hamı komandanın qrup mərhələsinə vəsiqə qazanacağını gözləyirdi. "Ağ-qaralar" Avroliqa ilə niyə belə erkən vidalaşdı?
- "Neftçi" barədə fikir bildirmək mənim üçün çətindi. Ona görə də bu suala cavab verə bilməyəcəm.

- Baş məşqçiniz Elşad Əhmədov müsahibəsində bildirib ki, bu mövsüm əsas hədəf Avroliqaya düşməkdi. Avrokuboklara vəsiqə qazana bilməsəz, bu, uğursuzluq sayılacaq?
- Baş məşqçimizin fikirləriylə tanışam və tam razıyam. Bu mövsüm komandamız iddialıdı. Əgər komandaya cəlb olunan legionerlər də ümidləri doğruldub potensiallarını ortaya qoya bilsələr, o zaman hədəfə çatmaq mümkün olacaq. sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest