"Adımı bombardirlər siyahısında birinci görmək gözəl hissdi. Mənim üçün vacib olan qollarımla komandama kömək etməkdi".

"Regional Liqa ilə Bundesliqa III arasında fərq var. İndi iştirak etdiyim liqada sürət daha çoxdu". Matç.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov deyib.

Cari mövsümün əvvəlində Almaniyada Regional Liqa klubu "Dinamo"dan Bundesliqa III təmsilçisi "Proyssen"ə keçən forvard yerli mətbuyata müsahibəsində iki çempionatı müqayisə edib: "Bundesliqa III-də topun hara getdiyini və hansı istiqamətə qaçacağını əvvəlcədən müəyyənləşdirməlisən. Fiziki baxımdan da Regional Liqadan fərqlənir. Burda futbolçular daha dözümlü olmalıdılar. Təzyiq də çox olur və üzərində daha böyük məsuliyyət hiss edirsən".

Dadaşov yeni klubunun heyətində vurduğu 6 qolla hazırda bombardirlər yarışına başçılıq edir. O, bunun hələ tam gücü olmadığını söyləyib: "Adımı bombardirlər siyahısında birinci görmək gözəl hissdi. Hər bir hücumçunun gözü bu siyahıda olur. Mənim üçün vacib olan qollarımla komandama kömək etməkdi. Baş məşqçim məndən razılıq bildirir və tez-tez tapşırıqlarını verir. Hələ də komandaya uyğunlaşma dönəmini tam geridə qoymamışam. İnanıram ki, ikinci dövrədən etibarən hər şey daha yaxşı olacaq".

Qeyd edək ki, "Proyssen" 10 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb və lider "Osnabrük"dən cəmi 1 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest