İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, London təmsilçisi paytaxtın digər klubu "çelsi"də çıxış edən braziliyalı müdafiəçi David Luisi transfer edib.
 
Bu barədə "topçular"ın rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Britaniya mətbuatının yazdığına görə, "Arsenal" bu keçid qarşılığında 10 milyon avrosundan keçib. Braziliya millisinin sabiq üzvü yeni komandasında 23 nömrəli formanı geyinəcək.
 
İki fərqli dövrdə "çelsi"nin formasını geyinən David Luis, karyerası ərzində PSJ, "Benfika" və "Vitoriya"nın da uğurları üçün çalışıb.
 
"Arsenal" İngiltərədə transfer pəncərəsinin son günündə daha bir transfer həyata keçirib. "Topçular" Şotlandiyanın "Seltik" klubunun sol cinah müdafiəçisi Kiran Tirnini də heyətinə qatıb. 22 yaşlı şotlandiyalı ilə 5 illik müqavilə imzalanıb. 
 
İngiltərə klubu bu transferə görə "Seltik"ə 27 milyon avro ödəyib. Bununla da Tirni ölkəsinin ən bahalı futbolçusuna çevrilib. Şotlandiya yığmasının da üzvü olan müdafiəçi 2015-ci ildən "Seltik"in əsas komandasında oynayırdı.
 
"Arsenal" bu yay daha öncə Dani Sebalyos, Qabriel Martinelli, Uillyam Saliba və Nikolas Pepeni də transfer etmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest