"Oqtay Abdullayevlə danışdım və bildim ki, boş şeylərdi. Bu üzdən də Futbol Veteranları İttifaqının Müşahidə Şurasından ayrıldım". Bu sözləri matc.az saytına açıqlamasında veteran futbolçu Yunis Hüseynov deyib.

Azərbaycan millisinin sabiq futbolçusu, "Karvan", "Standard", "Xəzər Lənkəran" kimi klubları çalışdırmış 54 yaşlı mütəxəssis Futbol Veteranları İttifaqının Müşahidə Şurasından ayrılmağının səbəblərini açıqlayıb: "Bütün futbol veteranları ittifaqın üzvüdü. Müşahidə Şurasına isə yeni seçilmişdim. Açığı, mən son vaxtlar bilmişəm ki, bu qurumun adı Futbol Veteranları İttifaqıdı. Elə bilirdim ki, "Neftçi" veteranlarıdı. Müşahidə Şurasına seçiləndə heç özümün də xəbərim olmamışdı. Oqtay müəllimə də demişdim ki, heç olmasa məlumatlandırmaq lazım idi. Gördüm ki, mənə aid olan bir iş deyil. Müşahidə Şurasından ayrılmaq istədiyimi deyəndə, Oqtay müəllimin sözü qulağıma sırğa oldu. Dedi ki, mənim orda olmağımla olmamağımın bir fərqi yoxdu. Elə onda hiss etdim ki, mənlik deyil. Mənası yox idisə, məni niyə seçmişdilər? Sağ olsun, məni ayıltdı".

Hüseynov "bu qurumun işi nədi və müntəzəm görüşlər keçirilirmi" sualını belə cavablandırıb: "Düzü, bu qurumun işinin nədən ibarət olduğunu heç bilmirəm. Guya mən və Müzəffər Qasımov Gəncə zonası üzrə veteranlara nəzarət edirdik. Bilirsiniz, ictimai işdi, amma adımın heç burda da getməsini istəmədim. O ki qaldı görüşlərə, bir dəfə assosiasiyada toplanış olanda yığışmışdıq. Bu neçə il ərzində başqa toplaşdığımız gün yadıma gəlmir".

Yunis Hüseynov futbol veteranlarının çoxunun işsiz qalmasına da münasibət bildirib: "Bizdə bir nəfər gərək 4-5 yerdə işləsin. Ondan sonra əlavə iş olarsa, digər veterana müraciət olunur. Futbolumuzun qanunu budu. Həmişə deyirik ki, birlik yaradaq. Amma bu gedişlə heç vaxt birlik olmayacaq. Birlik olsaydı, veteranlarımız hərdən düzgün hərəkət edərdilər, bir nəfər 4 yerdə işləməzdi, futbolumuzun inkişafı naminə sözünü deyərdi. Bizdə isə sözlərini deməyə çəkinirlər ki, işlərini itirə bilərlər. Kimlərsə 1500-2000 manata görə səslərini kəsib, oturub, futbolumuzun inkişafını fikirləşmir".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest