"Hazırda yeganə məqsədimiz "Sent-Patriks"lə çempionat oyununda qələbə qazanmaqdı. Əgər çempionlar Liqasında iştirak etmək istəyirsinizsə, ölkə çempionatının qalibi olmalısınız. Başqa variant yoxdu". Matc.z saytının məlumatına görə, bunu "Dandolk"un müdafiəçisi Şon Qennon deyib.

Bu gün İrlandiya çempionatının XXVII turu çərçivəsində "Sent-Patriks"in qonağı olacaq "Dandolk" iyulun 31-də çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"ın qonağı olacaq.

Bununla bağlı yerli mətbuata danışan Qennon ilk görüşdəki çıxışı dəyərləndirib. 28 yaşlı sağ cinah müdafiəçisi "Oriel Park"dakı 1:1 hesabına sevinmədiklərini vurğulayıb: "Hesabda geri düşdükdən sonra bərabərlik qolunu vurmaq əla oldu. "Oriel Park"da möhtəşəm gecə idi. "Qarabağ" topla oynamağı sevən güclü komandadı. Bilirdik ki, topa sahib olduqları zaman qapımız qarşısında təhlükə yaradacaq oyunçulara malikdilər. Oyuna yaxşı köklənməli idik. Ancaq heç də ideal başlanğıc etmədik. Fasilədə sakit oynamalı olduğumuzu dedik. Topa daha çox sahib olmaq və ağllı oynamaq tapşırığı aldıq. Bu baxımdan fasilədən sonrakı oyunumuzun əla cavab olduğunu düşünürəm. Hamımız məyus idik. Azərbaycana heç olmasa 2:1 hesablı qələbə ilə yollanmadığımız üçün bir az əsəbiyik".

Bütün turnirlərdə 19 oyundu uduzmayan İrlandiya çempionatının lideri bu seriyanı Bakıda da davam etdirmək niyyətindədi. Qennon bunun çətin olacağını bildirib: "Azərbaycandakı cavab qarşılaşmasına ümidlə yollanacağıq və növbəti mərhələ şansımızı qoruyuruq. Avrokuboklarda səfərdə yaxşı nəticələrimiz var. Elə ev matçlarında da uğurlu çıxış edirik. Əks-hücumlar zamanı rəqiblərə başağrısı ola biləcək oyunçularımız var. Həmçinin topu meydanın rəqibə aid hissəsində tuta bilirik. İlk oyunda "Qarabağ"a layiqli rəqib olduğumuzu göstərdik. Rəqibin yaxşı kombinasiyalı futbol göstərən futbolçuları var və matçda da qol şansları oldu. Ancaq dəqiqələr keçdikcə biz daha yaxşı olduq və hətta qələbə qolunu da vura bilərdik. Bakıda işimizin çətin olacağını bilirik. Rəqib çox güclüdü. Ancaq ora inamlı və pozitiv şəkildə yollanacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Dandolk" qarşılaşması iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest