"Qol vurmaq gözəl hiss idi. özümü əla vəziyyətdə gördüm. Düşünürəm ki, görməli olduğum iş bu idi. Amma çempionlar Liqasında qol vurduğum və kapitan olduğum üçün fəxr edirəm". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un hücumçusu Patrik Hoban deyib.

çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edən İrlandiya çempionu meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib. Komandasının bərabərlik topuna imza atan Hoban bununla çempionlar Liqasında qol hesabını açıb.

28 yaşlı forvard yerli mətbuata açıqlamasında fərqləndiyi üçün sevincli olduğunu söyləyib: "İlk dəfə əvəzlənərkən xoşbəxt idim. Normalda öz-özümü təzyiq altında saxlayıram. "Dandolk"da komanda yoldaşlarımı, burda çalışan insanları təmsil etməkdən qürur duyuram. İlk oyunun nəticəsindən də məmnunam. Yalan danışa bilmərəm, çempionlar Liqasında birinci qolumu vurduğum zaman bütün ailəmi, sevgilimi və onun ailəsini orda görmək gözəl hiss idi. Bu məni daha yaxşı edir. ümid edirəm ki, hələ irəliləyəcəyik".

Hoban ikinci hissədəki oyunla qələbə qazana bilməmələrinə üzüldüyünü vurğulayıb: "Hesab edirəm ki, qəbul etdiyimiz oyun tərzi bizə görə deyildi. Həqiqətən də, belə hədəfləri qəbul etmirik. "Riqa" ilə oyunda çox yaxşı müdafiə olunmuşduq. Halbuki onlarda uzunboylular daha çox idi. Bu üzdən "Qarabağ"la matçda buraxılan qol bizi əsəbləşdirdi. Rəqibin başqa bir neçə qol imkanı olsa da, məncə, oyunu yaxşı tamamladıq. Həftəboyu hazırlaşdığımız üslubdan yapışmışdıq. Fasilədə isə bir-birimizə inanmalı olduğumuzu dedik. Nəticədə ikinci hissədə yaxşı çıxış etdik. 2:1 və ya 3:1 hesabı ilə qalib gələ də bilərdik. Bu baxımdan bir tərəfdən bərabərlik qoluna sevinirik, digər tərəfdən isə qələbə qazanmamağımıza üzülürük".

"Dandolk"un hücumçusu cavab matçına ümidlə baxır: "İkinci hissədəki performans Bakıdakı cavab matçı üçün optimist olmağa imkan verir. Əlbəttə ki, mərhələ adlamaq şansımız var. Amma cavab görüşündə ağıllı oynamalıyıq. Hava çox isti olacaq. Bir boks döyüşü kimi, enerjimizə nəzarət etməli olacağıq. Mən belə hesab edirəm. Bakıda 1 və ya 2 real qol şansımız olacaq. Bu üzdən həmin imkanlardan lazımınca yararlanmalıyıq. ümid edirəm ki, oyuna düzgün hazırlaşacağıq".

Qeyd edək ki, "Qarabağ"la "Dandolk" arasında cavab oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest