"Kəpəz" PFK-nın əsas komandasına yeni baş məşqçi təyin olunub. Matc.az xəbər verir ki, bundan sonra Gəncə təmsilçisini Yaşar Vahabzadə çalışdıracaq. 
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vahabzadə və məşqçilər korpusuna daxil olan köməkçiləri Babək Alxasov, Vidadi Rzayev və Nadir Şükürov klubun məskunlaşdığı şəhər stadionunda futbolçular və texniki heyətlə görüşüb. Tanışlıq xarakteri daşıyan görüşə son mövsümdə komandanın heyətində çıxış etmiş 11 oyunçu qatılıb. 
 
Yaşar Vahabzadə təyinatından danışaraq köməkçilərini komanda üzvlərinə təqdim edib. Gəncə futbolunun və "Kəpəz"in Azərbaycan futbolundakı mövqeyindən bəhs edən təcrübəli mütəxəssis yerli futbol məktəbinin potensialına güvəndiyini bildirib. Baş məşqçi daha sonra oyunçuları dinləyib. Görüşün sonunda komandaya uğurlar arzulanıb. Kollektivin yaxın günlərdə məşqlərə başlayacağı qeyd olunub.
 
Məşqçilər korpusu həmçinin, stadionun əsas və yardımçı meydançasının durumu ilə yaxından maraqlanıb. AFFA tərəfindən tikintisi davam etdirilən süni örtüklü meydana da baxış keçirilib.
 
Xatırladaq ki, Yaşar Vahabzadə bundan öncə də "Kəpəz"də çalışıb. O, Gəncə klubunun Premyer Liqada yarışdığı son mövsümdə 2017/2018-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb. AFFA Məşqçilər Komitəsinin üzvü olan 59 yaşlı çalışdırıcının rəhbərlik etdiyi 21 yaşlılardan ibarət Azərbaycan yığması iki il öncə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
 
Onu da qeyd edək ki, geridə qalan mövsümdə "Kəpəz"i Etibar İbrahimov çalışdırırdı. Onun rəhbərliyi altında komanda Birinci Divizionu 14 kollektiv arasında 11-ci pillədə başa vurmuşdu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest