Ukrayna Premyer Liqasında XIII tura yekun vurulub. Matç.az saytının məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vorskla" bağlanış oyununa çıxıb.

Poltava təmsilçisi doğma azarkeşləri önündə "Olimpik"lə qarşılaşıb. Donetsklilərin hesabı açmasına və "Vorskla"nın 33-cü dəqiqədə meydanda azlıqda qalmasına baxmayaraq, ev sahibləri əzmkar qələbə qazanıblar. Mərkəz müdafiəçisi Ardin Dallku ikinci sarı vərəqə ilə meydandan qovulub. Əvvəlcə fasilə ərəfəsində avtoqola sevinən "Vorskla" 67-ci dəqiqədə Vladislav Kulaçın qolu sayəsində 2:1 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində xallarının sayını 21-ə çatdıran "Vorskla" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, həftəiçi "Qarabağ" üzərində Bakıda 1:0 hesablı qələbə qazanan "Vorskla"nın yeganə topuna məhz Kulaç imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest